Aydın Mirzəzadə: "Regiona səfər protokol xarakteri daşımamalıdır" Münasibət

10 Sentyabr 2013 12:23 (UTC+04:00)

"Dünyanın aparıcı dövlətlərindən olan ABŞ-ın Prezidenti Barak Obamanın Prezident İlham Əliyevə ünvanladığı məktubunda Dağlıq Qarabağ məsələsinə diqqət yetirməsi təsadüfi deyil. Azərbaycanın günü-gündən artan nüfuzu ölkəmizin problemlərinin hər zaman dünya siyasətinin gündəliyində qalmasına səbəb olur". Bu fikriləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ATƏT-in Minsk qrupunun yeni həmsədrinin təyinatı ilə bağlı ABŞ prezidenti Barak Obamanın dövlət başçısı İlham Əliyevə ünvanladığı məktuba münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan regionun fəal iştirakçılarından biridir: "Stabilliyin təmin edilməsində Azərbaycan əsas faktorlardan biridir. Ən vacib məsələ isə ondan ibarətdir ki, Azərbaycanın dövlət quruculuğunda qazandığı təcrübə Şərq ölkələrinin inkişafı üçün gözəl nümunə ola bilər. Yeni müstəqillik qazanmış ölkə kimi Azərbaycan praktikasından bir sıra dövlətlərin inkişafı üçün səmərəli şəkildə istifadə edilə bilər. Bu baxımdan ABŞ prezidentinin məktubunda Dağlıq Qarabağ məsələsinin həllinə ciddi fikir verilib. Bu problem dünyanın bir çox ölkələrini narahat edən başlıca məsələyə çevrilib. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı siyasət də dünya ictimaiyyətinin diqqətini çəkir. Təbii ki, Dağlıq Qarabağ məsələsində Ermənistan hər zaman olduğu kimi, beynəlxalq hüquq normalarına riayət etmək istəmir. Problemin belə nöqtədə qalması Ermənistanın iqtisadiyyatına da mənfi təsir edir".

"Yeni həmsədrin regiona səfərinin Dağlıq Qarabağ probleminin həll olunmasında nə kimi rolu olacaq" sualına isə millət vəkilinin cavabı belə oldu: "Həmsədrin regiona səfəri onun vəzifə borcudur. Şübhəsiz ki, onun regiona ilk səfəri məsələ ilə tanışlıq məqsədi daşıyır. Məsələ ilə birbaşa yerindəcə tanış olmaq onun yeni informasiya sahibi olmasına zəmin yaradacaq. Qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupunun səlahiyyəti dayandırılmayıb. Həmsədrlər hər iki region və ATƏT qarşısında hesabatlıdır. Hərhalda yeni həmsədrin regiona səfəri məsələ ilə bağlı ABŞ-ın daha da yaxşı məlumatlanması üçün unikal imkan olacaq".

Yeni həmsədrlərin bu vəzifəyə təyin olunmamışdan əvvəl Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlarının olub-olmaması məsələsinə də aydınlıq gətirən Aydın Mirzəzadə qeyd edib ki, onlar əvvəlcə bu məsələnin tarixini və dövlətinin mövqeyini öyrənirlər: "Daha sonra isə regiona səfər onların öz işlərinə daha məsuliyyətli yanaşmasına köməklik göstərir. İstərdik ki, bu məsələ sırf protokol xarakteri daşımasın. Məsələ ilə əvvəlcədən dərindən informasiyalı olmaq, həmsədrin verdiyi məlumat əsasında ABŞ-ın bu məsələdə daha obyektiv və ciddi mövqe tutmasına səbəb olardı".

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevə ATƏT-in Minsk qrupunun yeni həmsədri təyin olunan səfir Ceyms Uorliklə bağlı məktub ünvanlayıb. Məktubda yeni həmsədrin bu işə təyin olunmasının tərəflərin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmasına yardım etmək işinə Birləşmiş Ştatların qəti və birmənalı sadiqliyinin göstəricisi olduğu deyilir.