Norveçdə parlament seçkiləri keçirilib

10 Sentyabr 2013 00:31 (UTC+04:00)

Sentyabrın 9-da Norveçdə parlament seçkiləri keçirilib. 5 milyon əhalisi olan bu ölkənin sakinləri yaxın 4 il üçün öz nümayəndələrini seçirlər.

Parlamentdə 169 deputat kürsüsü uğrunda 21 partiyanın nümayəndələri mübarizə aparır. Sosioloji sorğuların nəticələrinə görə, parlamentdə heç olmasa bir yerə sahib olmaq üçün bu partiyalardan yalnız yeddisinin real şansı var.

Gözlənildiyinə görə, seçkilər ölkənin baş naziri, Norveç İşçi Partiyasının sədri Yens Stoltenberqin başçılıq etdiyi sol mərkəzçilər hökumətinin dəyişməsi ilə nəticələnəcəkdir.

Müxalifət Stoltenberq hökumətini neft və qaz satışından əldə olunan gəlirləri səmərəsiz bölüşdürülməkdə ittiham edir.

Sağ siyasi cinahı təmsil edən dörd partiyanın – mühafizəkarların, proqresistlərin, liberalların və xristian demokratların hakim koalisiya təşkil etmək üçün hər cür imkanları var.

Təhsilin və tibbi xidmətin keyfiyyətinin artırılması sosial demokratların və mühafizəkarların seçkiqabağı kompaniyalarının əsas bəndləridir.

Bununla belə, potensial koalisiyanın üzvləri arasında bəzi məsələlərlə bağlı ciddi fikir ayrılıqları var. Bu barədə məlumatı "euronews" telekanalı yayıb.