Gürcüstanda təlim-məşq toplanışında olan "Simurq" hazırlıq praqramına uyğun olaraq iki məşqə çıxıb. Siasport.az saytının məlumatına görə, səhər çalışması üçün Tiflisin Çxneti qəsəbəsində yerləşən meşəlik əraziyə gedən komanda burada fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinləri yerinə yetirib. Əvvəlcə kross qaçan "sarı-qaralar" bundan sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında müxtəlif səpkili fiziki təmrinləri yerinə yetirərək, səhər məşqini başa vurublar.
Axşam hazırlığı isə əsasən toplu çalışmalardan ibarət olub. Məşqçilər korpusu qısa isinmə hərəkətlərindən sonra oyunçulara futbolçular arasında qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış təmrinlər verib. Məşqin əsas hissəsində isə baş məşqçi Georgi Çixradzenin nəzarəti altında taktiki hazırlıq keçirilib. İki qrupa bölünərək qısa ötürmələrdən sonra qapıya zərbələr yerinə yetirilib.
Qeyd edək ki, komanda qonşu ölkədə təşkil edilən təlim-məşq toplanışı çərçivəsində bir yoxlama görüşündə gücünü sınaqdan keçirdəcək. "Simurq" bu gün, Bakı vaxtı ilə saat 18:00-da, Rustavi təmsilçisi "Metallurq"la üz-üzə gələcək. Qarşılaşma paytaxtın "Lokomotiv" klubunun təlim-məşq bazasında keçiriləcək.