TQDK-dan abituriyentlərə daha bir ŞANS

9 Sentyabr 2013 09:35 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu gündən etibarən Azərbaycanda tam orta təhsil bazasında (11 illik) və ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə start verib. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ixtisas seçimi sentyabrın 9-dan sentyabrın 12-dək internet vasitəsi ilə aparılır.

11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında topladığı bal 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu müsabiqəsində isə ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə avqustun 25-də keçirilmiş qəbul imtahanlarında topladığı ümumi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, boş qalmış plan yerlərinin siyahısı "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunub.