Seymur Orucov müxalif gənclərə çağırış etdi

6 Sentyabr 2013 17:29 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) sədri Seymur Orucov müxalif gənclərə səslənib. SİA-nın məlumatına görə, əvvəllər aktiv olduqları sosial şəbəkələrdən müxalif gənclərə çağırış edən Seymur Orucov, bu düşərgədə təmsil olunan məlumatsız gənclərə proseslərə açıq gözlə baxmağı tövsiyə edib. O, saxta liderlərinə inanıb onların ardınca gərəksiz addımlar atan bu gənclərin daim uğursuzluqla üzləşəcəklərini də dilə gətirib: "Biz müxalif gənclərə deyəndə ki, düz yolda deyilsiniz, sizdən müxalifət "maşa" kimi istifadə edir, bizə inanmaq istəmirdilər. Deyirdik qanunsuz əməllərə alət olmayın, təhsilinizi artırın, vətən üçün işlər görün, ölkədə gənclər üçün hər cür şərait yaradılıb, bundan bəhrələnin. Amma onlar buna inanmaq yerinə, öz bildiklərini etdilər. İndi isə gördülər ki, bu deyilənlər reallıqdır. Onlar yalan vədlərlə röyalarda gəzdirildiklərinin fərqindədirlər. Güvəndikləri "lider"ləri onları yarı yolda qoydu, bəzi insanların "maşa"sı oldu. Bu gün dediklərini sabah inkar etdilər. Əziz gənclər, dəyərmiydi bunlara?! Bu adamlar indi də bir-biriləri ilə qırğındadırlar. Antimilli insanlara görə dəyərmiydi"?