Hafiz Hacıyev: “Müxalifətin Azərbaycanda hakimiyyətə gəlməsinə imkan verməyəcəm” AÇIQLAMA

6 Sentyabr 2013 15:30 (UTC+04:00)

"Mən hər zaman demişəm ki, "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənli ziyalı, tarixi elmləri doktoru və professordur. Bütün bunlar isə Cəmil Həsənlinin prezident olması üçün çox az nailiyyətlərdir". Bunu SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Milli Şura"nın namizədi Cəmil Həsənlinin hansı xüsusiyyətlərə görə, prezident seçilə bilməz məsələsinə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, ilk növbədə insanda gərək dövlətçilik və idarəedicilik təcrübəsi olsun: "Prezident olmaq istəyən adamın bütün sahələrdən məlumatı olmalıdır. Təəssüf ki, bütün bu əlamətlər Cəmil Həsənlidə yoxdur. Bu insan yaxşı olar ki, hər hansı institutların birində rektor işləsin və burada öz fikrini ifadə etsin. Eləcə də o, tarix kafedrasında çalışaraq, tairiximizlə bağlı yazılar yazsa, daha böyük uğurlara imza ata bilərdi. Amma düşünmürəm ki, oktyabrda keçiriləcək prezident seçkilərində Müasir Müsavat Partiyasının (MMP) namizədi ilə hər hansı bir tarixçi üz-üzə gəlib burada qalib gəlsin. Bunu mən görə bilmirəm. Danılmaz faktdır ki, Azərbaycanda böyük abadlıq-quruculuq işlər aparılır. Təbii ki, müəyyən problemlərimiz də var ki, bu da müvəqqəti çətinliyə hesablanıb".

Hafiz Hacıyev hesab edir ki, bu gün ölkəmizdə görülən işlərin üstündən qara xətt çəkmək düzgün deyil: "Cəmil Həsənli, Əli Kərimli, Rəsul Quliyev kimi insanlar kimdilər axı? Onlar neçə illər idi ki, Hafiz Hacıyevin qarşısında duruş gətirə bilməyiblər. Mən dəfələrlə demişəm ki, nə qədər ki Azərbaycanda Hafiz Hacıyev, MMP var, çapqın müxalifətin Azərbaycanda hakimiyyətə gəlməsinə imkan verməyəcəm. Mən buna nail oldum və olmaqda da davam edirəm. Onların heç biri Azərbaycan hakimiyyətini idarə edə bilməz. Həmin insanlar getsinlər tarixlərini yazsınlar və başqa işlərlə məşğul olsunlar. Bu meydan onların meydanı deyil".