"Samizdat" təbliğatın qurbanları

6 Sentyabr 2013 14:01 (UTC+04:00)

Qonşum Milli Şuraya daxil olan partiyalardan birinin rayon təşkilatının sədridir. Təxminən 15 ildir ki, tanıyıram onu…

Hər gün 2 dəfə qarşılaşırıq – işə gedəndə və qayıdanda…

…Salamlaşırıq. Mən işə yola düşürəm, o isə növbəti həmsöhbətinə giley-güzar edir, kommunal xidmətlərdən başlamış məhkəmə sisteminə, icra strukturlarına, qanunverici orqanadək… hər şeydən və hər kəsdən şikayətlənir. Və hər gün həmsöhbətləri onu etika xətrinə bir neçə dəqiqə dinlədikdən sonra işə gecikdiklərini bəhanə gətirib, sürətlə bu geliy-güzar vulkanının yanından uzaqlaşmağa çalışırlar. Eyni mənzərəni axşam işdən qayıdanda da müşahidə edirəm…

…Köhnə Bakı məhəllələrindən birində yaşayıram. Vaxtilə, elə indi yaşadığım məhəllənin bir neçə addımlığında kirayədə qalırdım. Rüstəm İbrahimbəyovun xiffətini çəkdiyi bu məhəllələr o zaman bizim deyildi, elə Bakının özü kimi… Fərqli millətlərin nümayəndələri yaşayırdı bu köndələn, 2, 3 və 4 mərtəbəli binaların yerləşdiyi məhəllələrdə… "Ara" və "ala" sədalarının tüğyan etdiyi bu məhəllələrin həyətlərindəki oturacaqlar axşamlar gümüşü saçlı, donqar burunlu qarıların qeybət və dedi-qodu məskəninə çevrilirdi… Azşam saat 8-dən sonra bu həyətlərdəki masaların üzərinə İbrahimbəyovun qovaladığı donuz ətindən hazırlanmış yeməklər, kolbasa, ermənilərin sahib çıxdığı türk yeməkləri – basdırma, sucuq, dolma, evdə çəkilmiş araq, kələm turşusu düzülür, gecə saatlarına kimi Azərbaycan və erməni dialekti ilə sintez olunmuş rus dilində sağlıqların ardı-arası kəsilmirdi:

- Ara, Rustamcan, ciqer, za tebya…

- Ala, Aşotcan, tı samıy, samıq dostoynıy çelovek… Za tebya, canik…

- Za drujbu…

- Za drüjbü…

…İndi həmin oturacaqlarda adətən xroniki narazılıq xəstəliyinə yoluxmuş qonşum Mamed (ad şərtidir – E.M) oturur. Həm də səhərdən gecə saatlarınadək… Mamedin ailə üzvlərinin əksəriyyəti xaricdə yaşayır. 2000-ci illərdə təmsil olunduğu partiyanın vəsiqəsindən və arayışlarıdan istifadə etməklə sığınacaq alıb onlar üçün… Hərdən icarəyə verdiyi obyektlərinə baş çəkib icarəçilərin canını boğaza yığdıqdan sonra yenidən lənətlənmiş giley-güzar dairəsinə qayıdır və ənənəvi fəaliyyətini davam etdirir: Ay aman, qoymayın, millət əldən getdi…

…Və sonra vaxtilə ona "çuşka" deyib aşağılayan ermənilərin necə yaxşı qonşu olduqlarından danışır. Adam elə bil fırt eləyib İbrahimbəyovun burnundan düşüb…

…Adətən mənimlə ünsiyyətə cəhd eləmir, münasibətimiz elə salam-sağoldan ibarət olur. Amma Milli Şura yeni yarananda hal-əhval da tutdu mənimlə. Əyri-əyri qımışıb "Salam qonşu", — dedi:

- Nə var, nə yox, necəçən?

- Sağ ol, Allaha şükür, yaxşıyam.

- Necə olacaq bu işlərin sonu?

- Hansı işlərin?

- Bu işlərin də… Özünü bilməməzliyə qoyma… Hakimiyyətin, Milli Şuranın…

…Gülümsəyib ona 2010-cu ildə "Azadlıq" bloku yarananda verdiyi sualı xatırlatdım:

- Yadındadır, 2010-cu ildə mənə verdiyin sual… İndi yenə eyni sualı verirsən. Sadəcə, təmsil olunduğun qurumun adı dəyişilib. Mən də eyni cavabı verəcəyəm: Heç necə… Amma sənin özünlə bağlı dəqiq proqnoz verə bilərəm.

Qonşum sanki ona nazir kürsüsü vəd edirmişəm kimi hövlənək dilləndi:

- De görüm… De…

- Qonşu, arxayın ola bilərsən, sənin həyatında hər şey əvvəlki kimi olacaq. Heç nə dəyişməyəcək. Hər ayın sonunda icarə haqlarını yığıb bir hissəsini aparıb qoyacaqsan "həşəmətli lider"in masasının üzərinə. O isə öz növbəsində sənə yeni vədlərlə zəngin olan hazır siyasi dopinqlərindən birini vuracaq və dönüb qayıdacaqsan bu həyətə. "Həşəmətli lider"in dopinqinin təsiri altında qarşına ala biləcəyin hər kəsi salacaqsan çənənin altına… Vəssalam, bu də sənin 5 illik proqnozun… Allah ömür versin…

…Dünən axşam evə qayıdanda qonşum bir neçə nəfəri çənəsinin altına salıb Cəmil Həsənlini tərifləyirdi:

- Bilirsiniz necə kişidi, yoxdu e… ondan!

…Mamed eyni sözləri bir neçə ay əvvəl Rüstəm İbrahimbəyov haqqında deyirdi…

…Zaman keçir, amma bu insanlar dəyişmirlər. 90-cı illərin havası başlarından çıxmayıb hələ. Azərbaycanda siyasi mübarizə "samizdat"dan milyonları bir araya gətirə bilən sosial şəbəkələrədək yol keçib… Amma onlar sosial şəbəkələrdə belə "samizdat"la məşğul olurlar.

Əslində Mamed mənim ənənəvi müxalifət düşərgəsində tanıdığım "samizdat" təbliğatçıların ümumiləşdirilmiş obrazıdır. Daha doğrusu, onlar düşüncə etibarilə bir-birlərinə ifrat dərəcədə bənzəyirlər. Amma bu müddət ərzində nə qədər insan bu "samizdat" təbliğatın və təbliğatçıların qurbanına çevrilib? Nə qədər insan özünə, ailəsinə, vətəninə faydalı olmaq kimi əsil insani vəzifələrindən uzaq düşüb, həyatı məhv olub, şüuru zəhərlənib…

… "Dur" deməyin və səngər psixologiyasından qurtulmayığın zamanıdır artıq. Çünki itirilən hər kəs bizdən biridir, bu millətin övladıdır, Azərbaycan vətəndaşıdır!