Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin SƏS TV-yə müsahibəsi:
- Elman müəllim, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il ərzində xarici siyasət sahəsində hansı uğurlar qazanılıb?
- İlk növbədə onu qeyd etmək istərdim ki, cənab Prezident Azərbaycan Xarici İşlər Nazirliyi qarşısında konkret tapşırıqlar və istiqamətlər qoyub. Bildiyiniz kimi, XİN-in ən əsas prioritet məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu konteksdə danışaraq onu demək istərdim ki, bugünkü əsas istiqamət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Təbii ki, bu istiqamətdə bir çox işlər görülür. Birincisi, "Xocalı" soyqırımının tanıdılması və dünya ictimaiyyətinin maarifləndirilməsi istiqamətində müvafiq işlər görülüb. Artıq bir çox ölkələrin parlamentləri bununla bağlı müvafiq qərarlar və qətnamələr (ABŞ və s.) qəbul edilib. Bizim üçün ən önəmli məsələ beynəlxalq ictimaiyyət tərəfindən hadisələrə hüquqi və siyasi qiymətin verilməsidir. Biz bu istiqamətdə olduqca sürətli və dinamik şəkildə addımlayırıq. Çünki məqsədimiz bütün dünya ictimaiyyətinin "Xocalı" soyqırımı haqqında danışması və rəy verməsidir. Təbii ki, digər tərəfdən münaqişənin bu gün həll olunmamasının region üçün nə qədər təhlükəli olması və ümumiyyətlə isə münaqişəyə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb olunması da Azərbaycan diplomatiyasının ən əsas məqsədlərindən və istiqamətlərindən biridir. Bu gün elə bir beynəlxalq təşkilat, ölkə yoxdur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq rəyini, qərarını və qətnaməsini ortaya qoymasın. Burada xüsusilə beynəlxalq təşkilatları qeyd etmək istəyirəm. Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İƏT birmənalı şəkildə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti pisləyiblər. Təbii ki, Azərbaycan diplomatiyası əlindən gələni edir ki, ölkəmizin dünyadakı hüquqi mövqeləri güclənsin. Bu gün sözün həqiqi mənasında Azərbaycanın hüquqi mövqeləri çox güclüdür. Lakin digər tərəfdən beynəlxalq ictimaiyyət öz ikili standartlarını həyata keçirir. Məhz bu ikili standartlar nəticəsində hələ də Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Cənab Prezidentin də hər zaman qeyd etdiyi kimi, bu gün münaqişənin həll olunmamasının əsasında beynəlxalq ictimaiyyətin ikili standartlı mövqeyi dayanır. Çünki, bir tərəfdən beynəlxalq ictimaiyyət bütün qərar və qətnamələri qəbul edir, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir, amma digər tərəfdən işğalçı ölkə öz təcavüzkar siyasətini davam etdirir. Bu onu göstərir ki, dünya ictimaiyyəti öz reaksiyasında daha konkret, sərt olmalıdır və Ermənistana qarşı öz təsirlərini, təzyiqlərini başlamalıdır. Çünki, bu gün biz o təsirləri heç müşahidə etmirik. Yəni, Azərbaycan diplomatiyasının xarici siyasəti son 10 il ərzində olduqca püxtələşib və təcrübə toplayıb. Cənab Prezidentin Azərbaycan diplomatiyası qarşısında qoyduğu digər istiqamət, tapşırıq ölkəmizin müxtəlif ölkələrlə ikitərəfli münasibətlərinin yaradılması və inkişaf etdirilməsidir. Dövlət başçısı bildirib ki, ölkə diplomatiyası üçün hədəf, diplomatik fəaliyyətin genişlənməsidir. Təbii ki, nəticə bu gün göz qarşısındadır. Bu gün Azərbaycanın bir çox ölkələrdə diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Məhz o diplomatik nümayəndəliklərin fəaliyyəti nəticəsində müəyyən nəticələr ortadadır. Digər tərəfdən, ölkəmiz beynəlxalq təşkilatlarda təmsil olunur. Bu gün Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvüdür. Oktyabr ayının 1-dən etibarən ölkəmizin BMT TŞ-da ikinci sədrlik dövrü başlayır. Təbii ki, bu, Azərbaycan diplomatiyası üçün tarixi təcrübədir. Məhz Dövlət başçısının rəhbərliyi altında ölkə diplomatiyası Azərbaycanı BMT TŞ-ya aparıb. Hətta BMT TŞ-ya sədrliyimizin ilk günündə ölkə başçısı Azərbaycan sədrliyini təqdim edərkən çox önəmli bir ifadə işlətdi. Bildirildi ki, "Azərbaycan BMT TŞ-da ədaləti müdafiə edəcək". Bu, dünya ictimaiyyətinə olduqca önəmli mesaj idi. Ümumiyyətlə, bu gün Azərbaycan dünya ictimaiyyətinə özünü fəal və dinamik şəkildə təqdim etməyə çalışır ki, biz də buna müvəffəq olduq. Ölkəmizin humanitar fəaliyyəti ilə bağlı son 10 il ərzində çoxsaylı tədbirlər keçirilib. Bu tədbirlərin bir çoxu sivilzasiyalararası dialoqa, sivilzasiyalararası dialoqda qadının rolu, mədəniyyətləarası dilaoq və digər mövzuları əhatə edib. Ölkəmiz bu gün həmin bu dialoqa humanitar fəaliyyət kontekstində öz töhfəsini verən ölkədir. Xüsusilə ölkəmizin dünyada multikulturalizmi dəstəkləməsi Azərbaycanın daha fərqli imicdə dünya ictimaiyyəti qarşısında görünməsinə gətirib çıxarıb. Ölkəmizin əsas məqsədi regionun inkişafına hesablanıb. Çünki, ölkəmiz öz liderliyini regionun inkişafında görür. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasətin də əsas istiqaməti regiondakı ölkələrin ayrıca gücləndirilməsidir. Bu gün Azərbaycan həm Gürcüstanda, həm də Türkiyədə yatırımlar edən əsas və aparıcı ölkədir. Bu onu göstərir ki, ölkəmiz öz inkişafı ilə yanaşı, regionun inkişafına da böyük əhəmiyyət verir.
- Sentyabrın 3-də Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş oldu. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin Moskvada müzakirə olunması nə dərəcədə düzgündür. Görüşün nəticəsi barəsində nələri demək olar?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Rusiya həmsədr ölkələrdən biridir. Rəsmi Moskvanın da digər ATƏT-in Minsk qrupuna daxil olan ABŞ və Fransa dövlətləri kimi üzərinə düşən missiya, münaqişəni tezliklə sülh yolu ilə həll etməkdir. Azərbaycan tərəfi ölkəmizin ünvanına yönəlik təklifləri qəbul etməklə, əlindən gələni edir ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. Lakin, Ermənistan Azərbaycandan fərqli olaraq tamam başqa bir strategiya həyata keçirir. Bu isə ilk növbədə, münaqişənin həlli prosesinin uzadılmasına və status-kvonun dəyişməsinə əngəl törədir. Ermənistan leqal siyasətini, məhz bu istiqamətə yönəldib. Qeyd etmək istəyirəm ki, Ermənistan tərəfi bu gün öz qərarını özü vermir. Rəsmi İrəvan bir sıra xarici ölkələrin təsiri ilə hərəkət edir. Onlar hər hansı qərar qəbul edərkən, müstəqil yanaşma nümayiş etdirmirlər. Təbii ki, bu da münaqişənin sülh yolu ilə həllinə mənfi təsir göstərir. Azərbaycanın qonşuluğunda söz sahibi olmaq baxımdan müstəqil olmayan bir ölkənin olması birmənalı şəkildə təəssüf hissi doğurur. Bildiyimiz kimi, Azərbaycan bu yaxınlarda böyük sülh sazişinin bağlanması təklifini irəli sürüb. Deyərdim ki, Madrid sənədi bir yol xəritəsidir. Lakin Ermənistan tərəfi hər vəchlə, münaqişənin həllinə açılan yolları bağlamağa çalışır. Sözsüz ki, bu, belə davam edə bilməz. Azərbaycan münaqişənin həlli üçün əlindən gələni əsirgəmir. Digər bir tərəfdən beynəlxalq aləmin məsələyə ikili standartlarla yanaşması və bundan Azərbaycan xalqının əziyyət çəkməsi ölkəmizin səbir kasasını daşdıra bilər. Bu, nəticədə Azərbaycanın öz ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi üçün konkret addımların atmasına gətirib çıxaracaq.
- Suriyada baş verən hadisələrin Yaxın Şərq regionuna təsirləri barəsində hansı fikirləri söyləmək olar?
- Bildiyiniz kimi, Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür. Eyni zamanda ölkəmiz bu danışıq və müzakirələrdə iştirak edən ölkələrdən biridir. Biz demək olar ki, bütün müzakirələrin gedişi prosesində yaxından iştirak edirik. Eyni zamanda Azərbaycanın mövqeyi hər zaman olduğu kimi, aydındır. Kimyəvi silahlardan istifadə edilməsi Azərbaycan üçün birmənalı şəkildə qəbuledilməzdir. Xatırladım ki, biz Ərəb Dövlətləri Liqasının təşəbbüsünü dəstəkləmişdik. Suriyada baş verən ən böyük faciə günahsız insanların öldürülməsidir. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan günahsız insanların öldürülməsinə qarşı çıxır. Rəsmi Bakı tərəfi hesab edir ki, məsələ dialoq şəklində öz həllini tapmalıdır. Suriyada yaşanan hadisələr regiona öz mənfi təsirini göstərir.