Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 10-da daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. SİA-nın xəbərinə görə, bu barədə TQDK-nın şöbə müdiri Natiq Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb: "Namizədlərin hər biri hüquq istiqaməti üzrə imtahan verib. İmtahan zamanı iştirakçılara 100 sualdan ibarət test kitabçası təqdim olunacaq. Suallardan 80-i qanunvericilik, 20-si məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olacaq".
Komissiya rəsmisi deyib ki, sualları cavablandırmaq üçün namizədlərə 3 saat vaxt veriləcək və hər düzgün cavab 1 balla qiymətləndirilir: "Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar".