MQF Seçki Koalisiyası seçicilərlə görüşünü davam etdirir

6 Sentyabr 2013 09:23 (UTC+04:00)

MQF Seçki Koalisiyası "2013-cü ildə Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkiləri ilə bağlı regionlarda və Bakı şəhərində əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İsmayıllı Rayon Peşə Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, MQF –nin prezidenti Rauf Zeyni, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov, Milli Qəhrəmanların Təbliğinə Dəstək İB-nin sədri Mirbəşir Seyidzadə,təşkilatın İdarə Heyətinin üzvü Süleyman Əzizov seçki qanunvericiliyi, seçici hüquqları, seçki prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakı mexanizmi, seçki maarifçiliyi mövzusunda çıxışlar edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Rayon sakini oğlunun əfv olunmasına köməklik göstərməklə bağlı koalisiya nümayəndələrinə müraciət edib, A.Kərimov Əfv komissiyasına müraciət qaydalarını izah edərək bu məsələyə dəstək verməyə hazır olduğunu bildirib.

Tədbirin sonunda "MQF Seçki Koalisiyası" nümayəndələri seçiciləri 9 oktyabr Prezident seçkilərində fəal iştirak etməyə çağırıb. İsmayıllı ictimaiyyəti nümayəndələri artıq namizədlərini seçdiyini və qarşıdan gələn Prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəstəkləyəcəklərini vurğulayiblar.

Qeyd edək ki, Milli QHT Forumu "MQF Seçki koalisiyası" tərəfindən icra edilən bu layihə AR Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.