Komitə sədri: "Bu proseslər azərbaycanlılara qarşı yönəlməyib"

5 Sentyabr 2013 12:37 (UTC+04:00)

"Hər bir dövlətdə insanlar o ölkənin qanunlarına hörmət edərək yaşamalıdır". SİA-nın məlumatına görə, bu sözləri Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov azərbaycanlı əmək mühacirlərinin xarici ölkələrdə, xüsusilə Rusiyada problemlərlə üzləşməsi sualına cavab verərkən deyib.

O bildirib ki, əgər bir ölkədə baş verən proseslər qanuniləşdirilirsə, bu, çox normal haldır və azərbaycanlılara qarşı yönəlməyib.

Onun sözlərinə görə, hazırda Rusiyada Asiya ölkələrindən gələn minlərlə vətəndaş var və onların müəyyən qanunlara uyğunlaşmasına ehtiyac yaranıb.

N. İbrahimov qeyd edib ki, azərbaycanlılar artıq Rusiyada öz yerini tapıblar, demək olar ki hamısı qayda-qanunla yaşayır: "Əgər hər hansı azərbaycanlının qanundan kənar fəaliyyəti varsa və yaxud qanunlara uyğunlaşa bilmirsə, biz yardım etməliyik ki, həmin vətəndaşlar Rusiyada bu qanunlara uyğun yaşasınlar. Reydlər zamanı tutulan vətəndaşların milliyyətini bilmək olmur. Saxlananlar arasında nadir hallarda azərbaycanlılar olur, amma bu prosesi azərbaycanlılara qarşı kampaniya kimi dəyərləndirmək düzgün deyil".