“Human Rights Watch” ənənəvi ampluasındadır

4 Sentyabr 2013 17:50 (UTC+04:00)

Aydın Mirzəzadə: ""Human Rights Watch" kimi təşkilatlar Azərbaycanda vətəndaşların hüquqlarının qorunması istiqamətində görülən işləri görməməzlikdən gəlir"

Rüstəm Məmmədov: ""Human Rights Watch" təşkilatı həmişə Azərbaycana qənim kəsilib"

Müsahiblərimiz Human Rights Watch kimi təşkilatların Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi imic formalaşdırmağa cəhd göstərmələrində sapı özümüzdən olan vətəndaş cəmiyyəti institutlarının da rolu olduğunu bildirdilər.

Millət vəkili Nizami Cəfərov:

- Məsələnin mahiyyətini bilmədən və ya bilərəkdən aranı qarışdırmaq məqsədi ilə və yaxud elə belə söz gəldi demək xatirinə verilən istənilən bəyanat qanunsuzdur. Artıq Azərbaycan xalqı buna öyrəşibdir. Amma qeyd etməliyəm ki, Azərbaycan xalqının müəyyənləşmiş bir həyatı var və çox ciddi şəkildə demokratik istiqamətdə gedir. Azərbaycanda iqtidar müxalifət münasibətlərində tədricən müasir, modern formalar müəyyənləşir. Amma bizim müxalifətin bir problemi var ki, müxalifət yeniləşmir. Azərbaycanın ictimai həyatında son 10 ili götürsək, Cənab Prezident İlham Əliyevin fəaliyyəti dövründə iqtisadi, sosial, mədəni inkişaf getməkdədir. Bu inkişafı da dünyanın ən böyük təşkilatları özləri qeyd ediblər. Amma, məsələ burasındadır ki, müxalifət hələ də keçmişdə qalıb. Ən adi bir misal : "Milli Şura"da birləşmək istəyirlər. "Milli Şura" XX əsrin əvvələrindən qalma bir addır. Müxalifətçilər nəinki keçən əsrin sonlarından qalıblar, hətta deyərdim ki, təfəkkürləri 100 illər bundan qabağın təfəkkürüdür. Axı müasirləşmək deyilən bir şey var. Əsas məsələ müxalifətçi olmaq yox, cəmiyyətin inkişafıdır. Odur ki, iqtidar da, müxalifət də buna xidmət etməlidir. İctimai düşüncəni geri çəkmək olmaz. Əgər inkişafa mane olacaqsansa səni həqiqi müxalifət kimi qəbul etməyəcəklər. Bunun üçün müasirləşmək və ölkənin maraqlarına xidmət etmək lazımdır. Burada söhbət cəmiyyətin müxalifətə qarşı mövqeyini iqtidarın ortaya qoymasından gedir. Elə bu vəziyyəti də müxalifət özü yaradır. Nə qədər dedi-qodu olar? Nə qədər siyasətdən anlayışı olmayanlar siyasətlə məşğul olmaq istəyərlər? Axı belə hallar qəbul edilə bilməz. Bilirik ki, dünyanın hər yerində Azərbaycanın dostları olduğu kimi, düşmənləri də var. Qısası Azərbaycan cəmiyyətini belə boş-boş fikirlərlə narahat etmək mümkün deyil. Nə qədər qarşıdurma yaratmağa cəhd etsələr də bunun heç bir nəticəsi olmayacaq.

Millət vəkili Aydın Mirzəzadə:

- "Human Rights Watch" kimi təşkilatlar Azərbaycanda vətəndaşların hüquqlarının qorunması istiqamətində görülən işləri görməməzlikdən gəlir və bu kimi qərəzli bəyanatlar yaymaqla məşğulm olur. Bunlar ya kiçik bir məsələni qabardıb böyük bir məsələ edir, və yaxud da olmayanları israrla olmuş kimi təqdim edir. Azərbaycanda necə vətəndaş cəmiyyəti yoxdur ki, ölkəmizdə 2 mindən çox qeyri-hökümət təşkilatları, onlarla müxalif yönlü təşklatlar fəaliyyət göstərir. Hər kəs, bütün dünya bilir ki, Azərbaycanda azad cəmiyyət formalaşıb, azad demokratiya höküm sürür. Azərbaycan nəinki Avropanın hətta dünyanın ən qabaqcıl dövlətləri sırasındadır. Ölkəmizdə həm də vətəndaşlara, insanlara diqqət və qayğı əvəzsizdir. Bu kimi təşkilatların qərəzli mövqeyi birmənalı olaraq ölkəmizin nüfuzuna xələl gətirmək, dünya arenasındakı hörmətini zəiflətməkdən başqa bir şey deyil. Hesab edirəm ki, bu hesabatların arxasında ölkəmizi istəməyən qara qüvvələr, dayanır ki, onlar da öz maraqlarını hər bir halda üstün tuturlar.

Politoloq Rüstəm Məmmədov:

- "Human Rights Watch" təşkilatı həmişə Azərbaycana qənim kəsilib. Mən o zaman Prezident Adminstrasiyasında işləyəndə də müxtəlif məsələlərlə bağlı qərəzli mövqe bildirən məktublar gəlməkdə davam edirdi. İndi də onlar bu mövqelərindən əl çəkmirlər. Hər dəfə iqtidarla müxalifət açıq döyüşə çıxarkən həmin "Human Rights Watch" təşkilatı öz murdar əməllərinə start verir. Yəni ki, bu hala artıq öyrəşmək vaxtıdır. Bilməliyik ki, bu təşkilat bizi sevmir. Bu kimi təşkilatlar Azərbaycanın xoş güzaranını, inkişafını istəmirlər. Ona görə də belə təşkilatları ümumiyyətlə Azərbaycana buraxmaq düzgün deyil. Onlar demokratiya adı altında nə ilə desəniz məşğul olurlar. "Human Rights Watch" təşkilatının belə bəyanat yaymasında bir məqsədi var, o da Azərbaycanda qarışıqlıq yaratmaqdır.

Sadiq Qaçayev

İntizarə Məmmədova