Natiq Əliyev: "İki ölkə arasında Anlaşma memorandumu imzalanacaq"

4 Sentyabr 2013 12:38 (UTC+04:00)

"Əfqanıstanın sənaye və energetika sahəsində çalışan mütəxəssisləri üçün Azərbaycanda treninq kursları keçiriləcək". SİA-nın xəbərinə görə, sənaye və energetika naziri Natiq Əliyev jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, treninq kurslarının keçirilməsində məqsəd əfqanıstanlı mütəxəssislərin sənaye və energetika sahəsində təhsilinin artırılmasıdır: "Onlar bizim elmi-tədqiqat institutlarımızda, təhsil ocaqlarımızda lazımi təcrübə toplaya biləcəklər. Biz inanırıq ki, Əfqanıstan tezliklə bugünkü problemlərini həll edəcək. Çünki, bu ölkənin qısa bir zamanda inkişaf etməsi üçün imkanları var və Azərbaycan bu inkişafda dost ölkə kimi Əfqanıstana yardım etməyə həmişə hazırdır".

Natiq Əliyev onu da bildirib ki, cari ilin noyabr ayında iki nazirlik arasında ölkələrin energetika sahəsində Anlaşma Memorandumu hazırlanacaq: "Memorandumda iki nazirlik arasında olan əməkdaşlıq istiqamətləri əks olunacaq".