Şahmar Mövsümov: “Neft Fondu gəlirlərindən yumşaq güc kimi istifadə etmək niyyətində deyil”

2 Sentyabr 2013 17:13 (UTC+04:00)

"Neft Fondunda saxlanılan vəsait Azərbaycan xalqına məxsusdur. Neft Fondu gəlirlərindən dünyada yumşaq güc kimi istifadə etmək niyyətində deyil". SİA-nın məlimatına görə, bu fikirləri Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiyasiyasının 2-ci "Dəyişən Dünyada Cənubi Qafqaz" adlı forumda iştirakçıların suallarına cavab olaraq deyib.

Ş.Mövsümov bildirib ki, Neft Fondu gənclərin xarici universitetlərdə təhsil alması üçün təqaüdlər ayırır: "Azərbaycanın neft gəlirləri Azərbaycan gənclərinin xarici universitetlərdə təhsil almasına yardım edir. Gənclərdən yeganə tələb odur ki, məzun olduqdan sonra Azərbaycanda 5 il işləməlidirlər".

Çıxışı zamanı Şahmar Mövsümov Fonda toplanmış vəsaitlərin səmərəli idarə edilməsi və bu vəsaitlərdən ölkə qarşısındakı mühüm vəzifələrin həllinə yönəlmiş prioritet məsələlər və ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi barədə də tədbir iştirakçılarına məlumat verib.

Ş.Mövsümov qeyd edib ki, Azərbaycan neft gəlirlərinin idarə olunmasındakı təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır.