Saatlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə iki milyon manat ayrıldı

1 Sentyabr 2013 00:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Saatlı rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Ən müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat məktəbi inşa edilmiş, Mərkəzi rayon Xəstəxanası əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni sənaye müəssisələri yaradılmış, 28 kənddə sutəmizləyici qurğular quraşdırılmış, 29 yaşayış məntəqəsini birləşdirən 4 avtomobil yolu

layihəsi həyata keçirilmiş, körpülər salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Prezident Saatlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası

Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.