Şəki 1 nömrəli Peşə Məktəbinin açılışı olub FOTO

27 Avqust 2013 16:40 (UTC+04:00)

Şəki 1 nömrəli Peşə Məktəbinin açılış mərasimi keçirilib. Təhsil Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Təhsil Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya Hökumətinin birgə maliyyə dəstəyi ilə "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Proqramı" çərçivəsində təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, tədris ocağının maddi-texniki bazası yenilənib. Belə ki, peşə məktəbində turizm, xidmət, kompüter, tikiş sahələri üzrə yeni kabinetlər istifadəyə verilib və müvafiq avadanlıqlarla təchiz edilib.

Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Şusuke Vatanabe, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

1966-cı ildə yaradılan və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən Peşə Məktəbində bu günə qədər əsaslı təmir işləri aparılmayıb. Müasir avadanlıqlarla təchiz edilən Peşə Məktəbində növbəti tədris ilindən başlayaraq bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılması planlaşdırılır. Belə ki, Şəki rayonunun turizm potensialı nəzərə alınaraq, təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti sayəsində ilk peşə-ixtisas təhsilinin statusunun artırılması istiqamətində son illər bir sıra mühüm qərarlar qəbul edilib. Ölkə iqtisadiyyatının sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı artırıb. Odur ki, peşə təhsili sahəsində islahatların sistemli şəkildə davam etdirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir.

Peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi Müasir Azərbaycan Peşəkarları Layihəsinin icrasına başlayıb. Bu layihə çərçivəsində müasir tipli pilot peşə təhsili komplekslərinin yaradılması nəzərdə tutulub.

Sentyabr ayında 14 nömrəli Bakı Peşə Məktəbində KNAUF şirkətinin dəstəyi ilə "Quru inşaat ustası", 18 nömrəli Bakı Peşə Liseyində BOSCH şirkətinin dəstəyi ilə "Dülgər, xarrat-parket ustası" və "Eldar studio" şirkətinin dəstəyi ilə "Bərbər" ixtisası üzrə siniflər, 4 nömrəli Bakı Peşə Liseyində isə Belarus hökumətinin dəstəyi ilə "Elektrik-qaz qaynaqçısı" ixtisası üzrə Resurs Mərkəzi açılacaq.

İlin sonuna kimi 14 nömrəli Bakı Peşə Məktəbində tikinti sahəsində ixtisaslaşmış və dünyanın ən böyük şirkətləri sırasında olan CCC (Konsolidayted Konstraktors Kompani) şirkəti ilə birlikdə tikinti sahəsi üzrə Resurs Mərkəzinin açılması nəzərdə tutulub. Resurs Mərkəzində elektrik qaz qaynaqçısı, boru kəmərlərinin quraşdırılması, çilingər-santexnik ixtisasları üzrə kadrlar hazırlanacaq və ölkəmizin peşə təhsili sistemində ilk dəfə onlara beynəlxalq ixtisas dərəcəsi veriləcək. Qeyd olunan mərkəzdə təhsil prosesinin təşkilində beynəlxalq ekspertlər də iştirak edəcəklər.

Ümumiyyətlə, müvafiq istiqamətdə aparılan islahatların əsas məqsədi peşə məktəblərinin fəaliyyətini canlandırmaqdan ibarətdir. Həyata keçirilən pilot layihələrin nəticələrinin digər peşə məktəblərində bir model kimi tətbiq olunması nəzərdə tutulub.