Son zamanlar gənclər arasında məlumat azlığından, yanlış məlumatlanmadan, xarici qaynaqsız yönləndirmələrdən və s. birsıra amillərin də təsiri ilə dövlət əleyhinə və bəzən ümumiyyətlə dövlət qurumu əleyhinə müəyyən çıxışlar olur. Lakin hər bir halda ədalətli olmaq üçün hər kəsin fikrini dinləmək lazımdır. Mən də sırf ədalətli ola bilmək üçün bütün iddiaları ətraflı dinlədim və araşdırdım. Gəldiyim nəticə isə budur: Həqiqətən də Azərbaycanda hal–hazırdakı stabil vəziyyət dünyada gedən həm iqtisadi, də həm siyasi qarışıqlıqlar nəzərə alınsa çox ciddi nailiyyət kimi dəyərləndirilə bilər. Bölgədəki geosiyasi mübarizələri nəzərə alsaq hələ də ciddi siyasi stabillik nümayiş etdirən yeganə dövlətlərdənik.
Lakin təbii ki, mən hər bir gəncin bu cür siyasi–analitik mülahizələr aparıb nəticə çıxara bilməyəcəyinin fərqindəyəm. Məhz bunun üçün də gənclərimizin bilərəkdən və yaxud bilməyərəkdən bu gün ölkəmizdəki stabilliyi pozmaq istəyən qüvvələrin təsirinə düşərək dövlətə qarşı bir məqsədsiz hərəkət nümyiş etdirmələri, həm özləri baxımından, həm də bu ölkədə yaşayan ailələri və yaxınları baxımından, həm də bütün Azərbaycan türkləri baxımından təəssüf doğuran nəticələrə gətirib çıxara bilər. Müəyyən qeyri–rəsmi və rəsmi bəzi qüvvələrin təsiri ilə hərəkət edən bir sıra gənclər və müəyyən qruplar nəinki hakimiyyətə qarşı olmaq hətta birbaşa dövlət quruluşuna da qarşıdırlar.
Dövlət cəmiyyəti tənzimləmə, cəmiyyətdə sülh və rifahı tənzimetmə və bunun kimi bir çox funksiyası baxımından varlığı labüd olan bir quruluşdur. Və dövlət quruluşuna qarşı çıxmağın nəticəsi sadəcə anarxiyaya səbəb olarki, bu da hər bir nizamlı cəmiyyət üçün fəlakət deməkdir. İkinci məsələ isə hakimiyyətə qarşı olmaq. Hər kəs azaddır və istədiyi fikri dəstəkləyə və yaxud dəstəkəməyə bilər. Mövcud quruluşa qarşı da çıxa bilər. Lakin həll yolu dövlətə qarşı çıxmaq, küçələrdə qarışıqlar törətmək, dövlətin təhlükəsizlik güclərinə qarşı çıxmaq deyildir. Həll yolu problemlərin dövlətə bildirilməsi və dövlətlə birlikdə bir siyasi proseslə həll yolu tapmağa çalışmaqdır.
Dövlət quruluşuna qarşı çıxan və gəncləri dövlətə qarşı inqilab və s. kimi təhlükəli çağırışlara səsləyən qüvvələrin bir çoxu ya rəsmi, ya da qeyri-rəsmi marksist, sosialist, kommunist qruplaşmalardır. Marksistlər ortaya atdıqları xəyali "mədəni təkamül" ssenarisi daxilində dövlətin sonradan ortaya çıxan bir mexanizm olduğunu iddia edirlər. İlk cəmiyyətlərdə dövlət və ya dövlətə bənzər bir qurumun olmadığını, kommunal həyat tərzinin mövcudluğunu irəli sürürlər. Halbuki, heç bir tarixi və ya arxeoloji tapıntı bu iddianı təsdiq etmir. Əksinə, haqqında məlumatımız olan ən qədim mədəniyyətlərin hamısında güclü dövlət mexanizmlərinin mövcud olduğu məlumdur. Buna görə də, dövlət quruluşunun insanlıq tarixi ilə bir yaşda olduğunu söyləmək mümkündür. Bu, əslində, insanın yaradılışının təbii nəticəsidir. İnsan yaradılışının tələbi olaraq "doğru" və "yanlış" anlayışlarına malik olmaqla, doğrunu öyrənmək və bu doğruya uyğun şəkildə yaşamaq istəyir. Yanlışı tətbiq edənlərin isə durdurulmasını, onlara mane olmağı arzu edir. Buna görə də, insanlara doğrunu göstərən bəzi qanunlar qəbul edən və bu qanunlara tabe olmağı təmin edən bir nüfuzun varlığı zəruridir. Belə ki, cəmiyyətlərin quruluşu düşünüldüyündə dövlətin nə qədər əhəmiyyətli olduğu asanlıqla görünür. Bir cəmiyyətdə sülh və asayişi təmin edən, zərərli davranışları qanunla qadağan edən, bu qanunlara da tabe olmağı məcbur edən yeganə güc dövlətdir. Buna paralel olaraq dövrümüzdəki cəmiyyətlərin sağlamlıq, təhsil, milli təhlükəsizlik, infrastruktur kimi xidmətlərin də yalnız dövlət tərəfindən qarşılana biləcəyi aydındır.
Bunu nəzərə almayan anarxist qruplaşmalar öz ideologiyalarını icra etmək üçün tez–tez inqilab kimi çağırışlar edərək gəncləri təşviq edirlər. Lakin bu qruplaşmaların sahib olduqları ideologiyaların elmi cəhətdən əsassız olması ilə yanaşı, dünya təcrübəsi də bizə inqilabların kommunistlərin iddia etdiyi kimi xalqlara qurtuluş yox, fəlakət gətirdiyini göstərdi. Yaxın tarixə nəzər yetirsək, son dövrlərdəki inqilablara və inqilab olan dövlətlərin əvvəlki sosial–iqtisadi vəziyyəti ilə sonrakı vzəiyyəti müqayisə edilsə bu dövlətlərin çevriliş nəticəsində nə qədər geri düşdükləri açıq aşkar görsənər. Əsasən də son dövrlərdəki Orta Şərqdə baş verən siyasi proseslərə nəzər yetirsək, çevriliş olan bu dövlətlərin iqtisadiyyatının ən az 30–40 il geri düşdüyünü və ölkələrin viran qaldığını müşahidə edə bilərik. Və bu vəziyyətlərdə əsasən ölkədə vahid mərkəzli qüvvə olmadığı üçün ölkə xarici qüvvələrin ölkədə satın aldığı bir sıra qruplarla çevriliş edənlər arasında da qarşıdurmalar başlayır və nəticədə ölkə parçalanma təhlükəsinə qədər gəlir.
Qısası doğru qənaət və mövqe o olarki, ümummilli müvəffəqiyyət naminə bir olmalı, birlik olmalı, mövcud olanı dağıtmaq yox, sağlam və güclü dövlətimizi birlikdə inşa və inkişaf etdirməliyik.