“Apple” elastik noutbuklar üçün texnologiyanı patentləşdirib FOTO

24 Avqust 2013 12:14 (UTC+04:00)

"Apple" korporasiyası möhkəm materialların emalı üçün patent hüququ əldə edib. SİA-nın məlumatına görə, bu texnologiyanın köməyi ilə portativ texnikanın – məsələn, noutbukların detal hissələrini elastik etmək mümkün olacaq. Patentin alınması üçün müvafiq müraciət ABŞ Patent və Əmtəə Nişanlarının Qeydiyyatı üzrə Büronun rəsmi saytında yerləşdirilib.

Yeni texnologiya "Bərk materiallı elastik hissələrin birləşdirilməsi" ("Interlocking flexible segments formed from a rigid material") adlandırılır. "Apple" bərk materiallı detal hissələrini elastik etmək üçün müxtəlif formalı xüsusi kəsmələr vasitəsilə həyata keçirməyi təklif edib. Bərk materiallar dedikdə, "Apple" ilk növbədə metal, ərinti və plastması nəzərdə tutur.

Şirkət ABŞ Patent və Əmtəə Nişanlarının Qeydiyyatı üzrə Büroya müraciətini 2013-cü ilin fevralında göndərib. Bu cümə axşamı büro müraciətə müsbət cavab verib.