2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Qəbələdə özünün III Zirvə toplantısına start verib. Zirvə toplantısında əsas müzakirə mövzusu kimi nəqliyyat sahəsində əməkdaşlıq, gömrük prosedurunun asanlaşdırılması və bu kimi digər zəruri məsələlər nəzərdə tutulur. Söhbət etdiyimiz müsahiblərimiz Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının 3-cü sammitiin Azərbaycanda kecirilməsini Türk dünyasının ölkəmizə verdiyi xüsusi önəmlə əlaqələndirdilər.
Millət vəkili Qənirə Paşayeva:
- Bu sammit çox önəmli bir toplantıdır. Çünki bu türk dövlətlərinin daha da inkişafına, əlaqələrinin daha da genişlənməsinə, birlik və bərabərliyinə xidmət edən bir toplantıdır. Azərbaycanın ev sahibliyi təbii ki, ölkəmizin türk dünyasındakı rolunu daha da genişləndirir. Amma təkcə ev sahibliyi anlayışı ilə yox, həm də Azərbaycan hər zaman – Ümummilli Lider Heydər Əliyevin dövründən başlayaraq bu gün cənab Prezidentin rəhbərliyi altında da türk dövlətləri ilə əlaqələrin, əməkdaşlığın daha da güclənməsi üçün ən çox iş görən bir dövlətdir. Azərbaycan təkcə keçirilən toplantılar və verilən bəyanatlarla deyil, eyni zamanda əməli işlərlə də - həyata keçirdiyi lahiyələr və s ilə bu məsələyə nə qədər önəm verdiyini ortaya qoyan bir ölkədir. Ölkə başçısı da hər zaman özünün fəaliyyətində, siyasətində bu məsələyə çox böyük önəm verir. Azərbaycanın siyasətində Türk dövlətləri ilə əlaqələrin daha da güclənməsi, bu birliyin daha da genişlənməsi istiqamətində çoxlu sayda işlər həyata keçirir. Sadəcə dövlətlərimizin deyil, dövlətlərimizdən kənarda – müxtəlif ölkələrdə yaşayan diasporalarımızn da birliyi və bərabərliyi istiqamətində görülən işlər cənab Prezidentin siyasətində daima önəmli yer tutur. 4 Türk dövlətinin başçısının iştirakı ilə Qəbələdə toplantının keçirilməsi və müzakirə olunan mövzular çox önəmli bir məsələdir. Biz inanırıq ki, bu toplantı Türk dövlətləri arasındakı əməkdaşlığın və əlaqələrin inkişafını daha da artırmaqla bərabər, bizim ortaq problemlərimizin həlli istiqamətində, ortaq mövqeyimizin daha da güclənməsi və ortaq siyasətimizin aparılması istiqamətində çox güclü addım olacaqdır. Bu problemlərin ən böyüklərindən biri də təbii ki, Dağlıq Qarabağ problemidir. Azərbaycan torpaqlarının 20%-nin hələ də işğal altında olması problemidir. Türk dövlətlərinin başçıları öz açıqlamalarında bu məsələdə Azərbaycanı dəstəklədiklərini və bu açıqlamalar elə həmin bu toplantılar çərçivəsində də geniş şəkildə verilir. Biz inanırıq ki, bu toplantılar, bu birlik Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində Türk dövlətlərinin ortaq iş birliyini daha da artıracaq.
- Gözləntilər nədən ibarət ola bilər?
- Bizim gözləntilərimiz də ondan ibarətdir ki, Türk dövlətləri bu məsələdə Azərbaycana dəstəklərini daha da artıracaqlar. Çünki Azərbaycan digər Türk dövlətləri ilə bağlı ortaya çıxan bütün məsələlərdə onları çox sıx dəstəkləyir. İnanırıq ki, bu qarşılıqlı dəstəklər daha da artacaq. Cənab Prezidentin vurğuladığı kimi XXI əsr Türk dövlətlərinin, Türk xalqının əsri olmalıdır. Yəni bu o deməkdir ki, biz daha da inkişaf etməliyik. Bizim birliyimiz nə qədərə artarsa, bizim gücümüz də bir o qədər artacaq. Türk dövlətləri birliyinin güclənməsi onların hər birinin ayrı-ayrıqlıqda gücünü daha da artıracaq. Gücümüzün daha da artması inkişafımızı daha da sürətləndirəcək və ortaya çıxan problemlərimizi çox böyük sürəltə həll olunmasına kömək edəcək. Bu toplantıda Qarabağ problemi ilə bağlı verilən bəyanatlar ümumilikdə bölgənin problemləri ilə bağlı verilmiş olan bəyanatlardır. Təbii ki, biz çox istərdik ki, o dövlətlər Ermənistana qarşı öz təzyiq vasitələrini daha da artırsınlar və bu istiqamətdə daha güclü addımlar atılsın. Çünki bu çox önəmli məsələdir. Çox təəssüflər olsun ki, bu münaqişənin həllinin uzanmasının ən böyük səbəblərindən biri də Beynəlxalq təşkilatların Ermənistana təzyiqlərinin az olmasıdır. Ermənistan da bundan istifadə edərək işğal etdiyi torpaqları azad etmir. Elə bizim də ən böyük gözləntilərimiz də Türk Dövlətləri Birliyi və İslam Konfransı kimi təşkilatlardandır ki, onlar da bu istiqamətdə öz təzyiq vasitələrini daha da artırsınlar. Təkcə bəyanatlar formasında yox, digər vasitələrlə də bu təzyiqlər edilməlidir. Yəniki bu məsələdə biz nə qədər vahid mövqedən çıxış edəriksə, sabah digər məsələlərin həllində də həmin birliyi göstərə bilərik. Bunlar hər bir türk insanının gözləntisidir.
- Bu sahədə əməkdaşlığın daha da güclənməsi üçün viza rejimi ləğv edilsin, Vahid Gömrük İttifaqı yaradılsın və digər manelər aradan qaldırılsın. Bütün bunların həyata keçirilməsinə zaman lazımdırmı?
- Təbii ki, bunlar dövlət başçılarının səlahiyyətində olan məsələlərdir. Ancaq mənim şəxsi gözləntim ondan ibarətdir ki, biz ortaq düşüncəli gənclərin yetişdirilməsi məsələsinə böyük önəm verməliyik. Çünki bu məsələ iqtisadi və digər məsələlərdən heç də az əhəmiyyət kəsb etmir. Bundan başqa daha bir önəmli məsələ də ondan ibarətdir ki, biz ortaq Türk tarixi kitabını hazırlamalı və Türk dövlətlərində orta məktəb və universitetlərdə geniş şəkildə oxunmasına nail olmalıyıq. Ortaq tarix və ortaq keçmişimizi, ortaq mədəniyyətimizi bu günki və gələcək düşüncəli gənclərimizə öyrədə bilsək o zaman onlar bu məsələlər haqqında daha da güclü və dəqiq düşünə və fikir yürüdə biləcək. O zaman Dağlıq Qarabağ məsələsinə təkcə Azərbaycanın yox, eyni zamanda bütün Türk dünyasının məsələsi kimi baxılacaq. Odur ki, ortaq tarix, ortaq mədəniyyət, ortaq ədəbiyyatımızın yazılaraq bütün Türk dövlətlərində gənclərə tədris olunmasına nail olmalıyıq. Çox təəssüf ki, bu gün bəzi Türk dövlətlərində Sovet təsiri ilə yazılmış kitabların tədris olunmasının şahidi oluruq.
- Ortaq Türk əlifbasının yaradılması ideyası irəli sürülmüşdür. Onun reallaşmaması nə ilə bağlıdır?
- Ortaq Türk dili və ortaq Türk əlifbası məsələləri də çox ciddi məsələlərdir. Bir sözlə bizim birliyimizi, əlaqələrimizi artıracaq məsələlər indi daha çox müzakirə olunur və gündəmdədir. Bu isə bizə gələcəyə optimist baxmağa imkan yaradır. Həyatda tutduğu mövqeyindən asılı olmayaraq hər bir insan bu işdə həmfikir olmalıdırki bu birlik əldə edilə bilsin. Bir millətin 2 diasporu olmur. Yəni 1 millətin 1 diasporu olur. Nəinki bizim vətəndaşlarımız, həm də başqa ölkələrdə olan həmvətənlərimiz də bu fikirdə olmalıdırlar. Birimizin dərdi, hamımızın dərdi, birimizin sevinci hamımızın sevincidir. Bir hər bir sevinc və problemimizi paylaşa bilsək daha çox uğur əldə edə bilərik. Və inanırıq ki, bu birlik Dağlıq Qarabağ məsələsinin həllində də özünü göstərəcək.
Politoloq Rüstəm Məmmədov:
- Əlbəttə bu sammit çox vacib xarakter daşıyır. Əlaqələndirmə Çurası Türkdilli dövlətlərin vahid birliyinə, birgə mənafeyinə xidmət edir. Ancaq, bütövlükdə deyim ki, bu sammitin qərarı dünyanın böyük dövlətlərinin qərarını, mövqeyini, məntiqini dəyişəcək - buna ümid bəsləmək çox çətindir. Yəni bu sammit bütövlükdə türkdilli dövlətlərin bir yerdə olmasına, birgə işləməsinə heç şübhəsiz ki, çox müsbət təsir göstərəcəkdir. Vahid Gömrük İttifaqının yaradılması bu gün MDB dövlətləri üçün də aktualdır. Yəni ki, indi Rusiya çalışır ki, bütün MDB dövlətlərini bu ittifaqa cəlb eləsin və bununla da, həmin dövlətlərin əl-qolu bağlansın. Avropa İttifaqı və digər dövlətlərlə əlaqələrinin qurulmasına maneçilik törətsin. Mənə elə gəlir ki, bu mövzuda danışmaq hələ tezdir. Ancaq, iqtisadi əlaqələrin möhkəmlənməsində müəyyən fəaliyyət qurula bilər.
Politoloq Elçin Mirzəbəyli:
- Bu toplantı öz-özlüyündə çox önəmli bir hadisədir və regionda mühüm hadisələrin baş vediyi bir dövrə təsadüf edir. Azərbaycan müstəqillik qazandığı ilk günlərdən və xüsusilə də bir dövlət kimi formalaşandan sonra Türkdilli dövlətlərlə inteqrasiyası istiqamətində çox ciddi addımlar atır. Bu proses Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən başlayıb. Türkiyə ilə əlaqələrin intensivləşməsinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərini "İki dövlət, bir millət münasibətləri" kimi dəyərləndirmişdi. Məhz bu tezis üzərindən Türkdilli ölkələrin əlaqələrinin inkişafı başladı. Azərbaycanın bu prosesdə önəmli rol oynamasının bir neçə səbəbi var. Birincisi Azərbaycan əlverişli coğrafi mövqeyə malikdir. Yəniki Azərbaycan türkdilli dövlətlər arasında bir körpü rolunu oynayır. İkinci səbəb məhz psixoloji məqamdır. Bildiyiniz kimi Azərbaycan Türkiyə istisna olmaqla digər türdilli dövlətlərlə birgə SSRİ-nin tərkibində olub və həmin ölkələrlə Azərbaycan arasında çox ciddi əlaqələr formalaşıb. Azərbaycan həm Türkiyə, həm də ayrı-ayrılıqda həmin ölklərlə münasibətlərin inkişafına hərtərəfli hazırdır. Azərbaycan intqerasiya üçün kprğü funksiayasını çox uğurla həyata keçirir. Qəbələdə keçirilən bu sammiti də Azərbaycanın bu istiqamətdə atdığı uğurlu addımalardan biri kimi qiymətlənirmək olar.