DSX müsabiqə qaliblərini mükafatlandırıb FOTO

15 Avqust 2013 17:27 (UTC+04:00)

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümü münasibətilə elan edilən müsabiqəyə yekun vurulub. SİA-nın xəbərinə görə, bu münasibətlə keçirilən mərasimdə ilk olaraq çıxış edən Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev müsabiqə barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Onun sözlərinə görə, müsabiqədə ölkəmizin rəssam, yazıçı, sərhədçi gizir və zabit heyəti iştirak edib: "Müsabiqədə olan bütün əsərlər mütəxəssislər tərəfindən yoxlanılıb".

Digər çıxış edənlər isə ölkəmizdə yaradıcılıq üçün əlverişli mühitin mövcud olduğunu, mədəniyyət sahəsinə həmişə xüsusi diqqət ayrıldığını, sənət adamlarına qayğı ilə yanaşıldığını, onların əməyinin yüksək qiymətləndirildiyini deyiblər. Qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur. Bildiriib ki, ölkəmizin çoxsaylı vətəndaşlarının öz yaradıcılıq duyğularını sərhədlərimizə, sərhəd mövzusuna yönəltməsi, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması yüksək qiymətə layiqdir.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Cavid Əkbərov