Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi tədqiqat institutları və müəssisələri üzrə doktoranturaya sənəd qəbulunu avqustun sonunda elan etməyi nəzərdə tutur. Akademiyadan SİA-ya verilən məlumata görə, sənəd qəbulunun bir ay ərzində aparılması planlaşdırılır. Doktoranturaya qəbul planı təsdiqləndikdən sonra sənəd qəbulunun dəqiq tarixləri müəyyənləşdiriləcək.
Hazırda AMEA-nın elmi tədqiqat institutları və müəssisələri üzrə doktoranturaya qəbul planı Nazirlər Kabinetində müzakirə edilir.
Qeyd edək ki, AMEA-dan olan yeni ixtisaslar, yeni elmi istiqamətlər qəbul planının yeni layihəsində nəzərə alınıb. Nanotexnologiyalar, kosmik tədqiqatlar, iqtisadi həyatın modernləşdirilməsi ilə bağlı sahələr qəbul planında prioritet istiqamətlər kimi müəyyənləşdirilib.