Çin alimləri yeni qurğu icad etdi

9 Avqust 2013 22:18 (UTC+04:00)

Çin Elmlər Akademiyasının bir qrup əməkdaşı neft məhsulları ilə çirklənmiş ərazi sularının təmizlənməsi üçün analoqu olmayan yeni qurğu icad ediblər. Bu barədə SİA İtar – tass agentliyinə istinadən xəbər verir. Qurğu kaktus bitkisinin iynəformalı tikanlarının köməyilə havanın tərkibindəki rütubətin udulması prosesinə əsaslanaraq hazırlanıb.

Qrup rəhbəri Tszyan Ley qurğunun hazırlanması zamanı tikanların əvəzinə misdən düzəldilmiş iynəciklərdən istifadə olunduğunu bildirsə də, qurğunun məhsuldarlığı, kütləvi istehsala nə vaxt başlanacağı və digər parametrləri barədə heç bir məlumat verməyib. Qurğunun köməyilə aparılan təcrübələr zamanı suyun təmizlik dərəcəsinin 99-99.5%-ə çatdırılmasının mümkün olduğu müəyyən edilib. Texnogen qəzalar zamanı həmin qurğudan uzun müddət ətraf mühitə heç bir ziyan vurmadan istifadə etmək mümkündür. Alimlər neft emalı və tullantılarının zərərsizləşdirilməsi ilə məşğul olan müəssisələrdə də təklif olunan metoddan istifadə olunacağına əmin olduqlarını bildiriblər.