Gəncədə yeni qaz xətləri quraşdırılıb

3 Avqust 2013 11:24 (UTC+04:00)

Gəncə şəhərinin qaz təminatının yaxşılaşdırılması istisqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) SİA-ya verilən xəbərə görə, Gəncənin H.Əliyev, Atatürk, Nizami, Nərimanov prospektləri, İ.Qayıbov, Cavadxan, Qaçaq Nəbi, M.Qaşqay, Şəddadilər, Əziz Əliyev, A.İsgəndərov, Ozan, Bağbanlar və digər küçələrdə, "AKTA-6" və "Mahrasa bağları" adlanan ərazilərdə ümumi uzunluğu 114509,1 metr olan müxtəlif diametrli orta təzyiqli, 68847,45 metr isə aşağı təzyiqli polietilen qaz xətləri çəkilib. Təkcə bu ilin birinci yarısında 29504,8 metr uzunluğunda orta təzyiqli, 5342,65 metr uzunluğunda isə aşağı təzyiqli polietilen qaz xətləri quraşdırılıb.

Qeyri-yaşayış sahələrinin qazlaşdırılması məqsədi ilə 16997,9 metr uzunluğunda əlavə qaz xətti çəkilib.

Qeyd edək ki, ''Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı''na uyğun olaraq ARDNŞ-nin ''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən qaz infrastrukturunun inkişafı, istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də təbii qaz almayan yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində intensiv işlər davam etdirilir.