Dünya televizor bazarında yenidən azalma qeydə alınıb

3 Avqust 2013 10:23 (UTC+04:00)

"IHS" analitik-informasiya agentliyinin məlumatına görə, 2013-cü ilin birinci yarısında televiziya qurğularının dünya üzrə tədarük həcmi 50,6 milyon ədəd təşkil edib. SİA-nın məlumatına görə, tədarük həcmi təkcə 2012-ci ilin son rübünə nisbətdə deyil, həm də bir il əvvəl tədarük edilən 51,4 milyon ədəd televizora nisbətdə azalıb. Onu da qeyd etmək lazımdır ki, 2012-ci ilin birinci rübünün yekunlarına görə istehsalçılar ümumilikdə 75,6 milyon televizor tədarük ediblər.

Ən iri televizor bazarı Çin olaraq qalır. Belə ki, cari ilin yanvar-mart aylarında bu ölkəyə 12,1 milyon televizor və ya dünya həcminin 24 faizi tədarük edilib. Bununla yanaşı, Çinin payı bir rüb əvvəl qeydə alınan 21 faizlik göstərici ilə müqayisədə artıb. Televizor qurğularının tədarük həcminə görə Çin seqmentin əvvəlki liderləri – Qərbi Avropa və Şimali Amerikanı üstələyir. Hazırda onlar bu göstərici üzrə ikinci və üçüncü yerdə qərarlaşıblar.

İllik hesablamada Çinlə yanaşı, müsbət dinamika Latın Amerikası və Yaxın Şərq və Afrika ölkələrinin daxil olduğu regionda da qeydə alınıb. Qərbi və Şərqi Avropa, Şimali Amerika, Yaponiya və Asiya-Sakit okean regionu daxil olmaqla digər regionlarda analitiklər tədarük həcminin azalmasının müşahidə olunduğunu bildiriblər. Maye-kristal (LCD) televizorlar hələ də dünya televizor bazarının ən böyük sektoru olaraq qalır. Bu sektor plazma televizorlar seqmentini və demək olar, dövranını başa vurmuş kineskop televizor qurğularını qabaqlayır. 2013-cü ilin birinci rübündə "LCD" televizorların tədarükü bir il əvvəl qeydə alınmış 43,8 faizlə müqayisədə 45,4 faiz təşkil edib.

"Plazma" növlü televizor qurğularının tədarükü azalmaqda davam edir. Belə ki, illik hesablamada bu seqmentin həcmi 22 faiz azalaraq 2,4 milyon ədədə enib. Hələ də bəzi Yaxın Şərq və Afrika ölkələrinə tədarük edilən kineskop televizor qurğularına gəldikdə, burada azalma 39 faizə bərabər olub. Ötən rübdə 2,8 milyon ədəd bu qurğudan tədarük edilib.

Yaponiyanın "Toshiba" və "Sony" şirkətlərini qabaqlayan Çinin "TCL" şirkəti seqmentin liderləri olan Cənubi Koreyanın "Samsung" və "LG" şirkətlərindən sonra tədarük həcmi üzrə reytinqdə üçüncü yeri tutub. Koreya şirkətləri reytinqdə müvafiq olaraq birinci və ikinci yerdə qərarlaşıb. Bundan başqa, Çinin "Hisense" və "Skyworth" şirkətləri də "Sharp"ı üstələyərək altıncı və yeddinci yeri tutublar. Daha bir Çin şirkəti "Konka" isə Niderlandın "Philips" konsernini ötərək doqquzuncu yeri tutub.