“İspaniya qəzeti Azərbaycanı Suriyaya bənzətdi”

31 İyul 2013 12:12 (UTC+04:00)

Bu başlıq ArmenPress-in 30 iyul tarixli sayındandır. Ermənilərin bu təbliğat tribunası adətən Azərbaycanla bağlı bütün mənfi yüklü yazı və xəbərləri ingilis, rus və erməni dillərində oxucularına çatdırmaqla məşğuldur. Yəni onlar ölkəmizi az da olsa tənqid edəcək materialları göydə axtarırlar və... Azərbaycanın bəzi mətbu orqanlarında tapırlar.

Bunu elə-belə demirəm. Çünki ermənilərlə eyni gündə Azərbaycan qəzetlərindən biri də məhz bu başlıqla bir yazı yayımlamışdı. Yazı başdan ayağa antiazərbaycan ovqatında qələmə alınıb. Daha doğrusu, ispanların yazdığı yazı tək tərəfli təqdim edilib. Və belə bir rəy yaradılmağa çalışılıb ki, Azərbaycan, örnək üçün, Quzey Koreya kimi bir ölkədir. Quzey Koreyanın da nə olduğunu izah etməyə, yəqin ki, gərək yoxdur. Azərbaycanın Quzey Koreya olmadığını, ümumiyyətlə onunla heç bir sahədə müqayisəyə gəlmədiyini də sübut etməyə ehtiyac duymuruq. Ən azından Quzey Koreya liderinin ölümünə ağlamayan bir nazirin qumbaraatanla məhv edilməsi kimi bir məhkəmə qərarını xatırlamaq hər şeyə aydınlıq gətirir zatən.

Bizim işimiz ölkəmiz haqda gözdənsalma məqsədli yazı yazan bir ispan internet resursunu Ermənistanın bir populyar KİV-i ilə Azərbaycanın bir populyar qəzetinin səs-səsə verib dağ başına qaldırmasına aydınlıq gətirməkdir. Adı "FronteraD" olan bu "qəzet", əslində, sıradan bir həftəlikdir. Özü də internetdə yayımlanır, həftədə bir dəfə yenilənir və oxucu auditoriyası da nəinki nəzərə çarpacaq deyil, ümumiyyətlə yer üzündə diqqət belə çəkəcək qədər deyil. Təbii ki, Azərbaycan haqqında qara-qura xəbərlər axtaran erməni mediası və onlarla eyni düşüncələri paylaşan bəzi Azərbaycan jurnalistlərinin diqqətini nəzərə almasaq.

Beləliklə, çağdaş texnologiyaların imkanlarından istifadə edərək bu "FronteraD"ın nə qədər ciddi bir istinad nöqtəsi ola biləcəyini müəyyənləşdiririk. Bəlli olur ki, bu "qəzet" nəinki dünyanın, sən demə heç İspaniya oxucularının da diqqətini çəkəcək səviyyədə deyil. Nəşrin özündə o, "rəqəmli xülasə" kimi təqdim edilir və bildirilir ki, həftədə bir dəfə yenilənir. Müxtəlif sahələri əhatə etdiyi qeyd olunan nəşrdə Azərbaycan haqqında cəmi bir dəfə yazılıb ki, bu da hazırda sözü gedən məqalədir. Həm də həmin məqalədə yalnız bir tərəfin fikirləri yer alıb və heç bir rəsmi şəxsdən qarşı tərəf olaraq fikir alınmayıb. Bu da öz növbəsində həmin "qəzet"in nə qədər ciddi bir jurnalistika məhsulu olduğunu ortaya qoyan amillərdəndir. Fəaliyyət göstərdiyi 4 il 8 ayın sonunda bu nəşr dünya nəşrləri arasında... 572 min 123-cü yeri tuta bilib hələ ki. İspaniyada isə onun yeri 25 min 288-ci olaraq göstərilir. Gündəlik ziyarətçi sayı min nəfərə belə yetməyən bu "qəzet" nəyə görəsə bəzi Azərbaycan və Ermənistan mediasının diqqətini çəkə bilib. Müqayisə üçün deyək ki, İspaniyanın ən populyar qəzetlərindən olan "El Pais" dünyada 556-cı, İspaniyada isə 15-ci yerdə qərar tutur. Və bu qəzetin gündəlik ziyarətçi sayı 15 milyonu ötür!

Ən maraqlısı isə odur ki, bu kimsəyə bəlli olmayan "FronteraD"a istinad edən və adını çəkmədiyimiz Azərbaycan qəzetinin özü yetərincə populyardır. Bu nəşr dünyada 11 min 195-ci yeri tutur. Azərbaycanda isə 42-ci yerdə möhkəmlənib. Bura ispan dilinin statusunu və Azərbaycan dilinin yayılma arealını da əlavə etsək, müqayisənin nə qədər qorxunc sonucları ortaya qoyduğu bəlli olar.

Dünyada 572 mininci yerdə olan bir ispan nəşrinə Azərbaycandakı bir qəzetlə birlikdə istinad edən ArmenPress-in özü də müqayisədə yetərincə yüksək yer tutur. Bu erməni nəşri dünyada 77 min 748-ci, Ermənistanda isə 77-ci yerdədir.

Bəlkə də bu rəqəmləri gözdən keçirən oxucu deyə bilər ki, "hə, nə olsun?" Məsələ ondadır ki, yer üzündə fəaliyyət göstərən heç bir ciddi nəşr özündən minlərlə dəfə aşağıda olan, heç bir dəftərdə adı keçməyən nəşrlərə ciddi şəkildə istinad etməz. Əslində, "FronteraD"a istinad edən Azərbaycan və Ermənistan nəşrləri də bunu yaxşı bilir. Sadəcə onları hərəkətə gətirən orada yazılanların ölkəmizi gözdən salmağa xidmət etməsidir. Başqa heç bir səbəb həmin nəşrləri bu qədər aşağıya enməyə vadar etməzdi. Ancaq görünən odur ki, həmkarlarımız, "təki Azərbaycan tənqid edilsin" fikrindən yola çıxaraq dünyanın hansısa küncündəki ən axırıncı nəşrə də istinad etmə yolu tutublar. Etməyin bunu, etməyin. Erməniləri başa düşürük və bunu həmişə deyirik. Azərbaycanda oturub Azərbaycan dövlətinin qarşılıqsız verdiyi yüz minlərlə pulla qidalanasan, dövlətin ayırdığı mənzillərdə rahat həyat xəyalları qurasan və sonra da sənin ölkəni dünyanın ən qapalı diktaturası ilə müqayisə edənlərin tək tərəfli yazısını bəh-bəhlə manşetə çıxarasan. Quzey Koreya dediyiniz beləmi olur? Allah eşqinə, Azərbaycanı daşı daş üstündə qalmayan Suriya ilə müqayisə etmək nə qədər ədalətli bir yanaşmadır axı? Bəlkə yazı yazanda, qəzet buraxanda bir balaca da olsa düşünəsiniz?

Yuxarıda erməni mətbuatının ölkəmizlə bağlı mənfi xəbərləri axtarıb Azərbaycanda tapması məsələsini də təsadüfi qeyd etmədik. Məsələ ondadır ki, "FronteraD"da iyulun 25-də işıq üzü görən yazıya Azərbaycan mediası 30 iyul günü yer verib. Özü də öz internet resursunda bunu həmin gün səhər saat 9-da dərc edib. Erməni nəşri isə eyni gündə saat 19.05-də eyni başlıqlı xəbərə yer verib. Bu isə onu deməyə əsas verir ki, ermənilər həmin xəbəri heç də ispanlardan əxz etməyib, Azərbaycandakı qəzetin internet saytından götürüb. Özü də başlıq onlara nə qədər xoş gəlibsə, heç dəyişdirməyə də gərək duymayıblar. Bax, belə. Qalanını oxucuların ixtiyarına buraxıram.