Milli Şura üçün çobanyastığı falı Gələcək, gəlməyəcək...

26 İyul 2013 15:58 (UTC+04:00)

Ənənəmə uyğun olaraq, səhər tezdən gündəlik qəzetləri, o cümlədən ənənəvi müxalifətin ənənəvi mətbu nümunələrini varaqladıqdan sonra Milli Şura adlanan qurum və bu qurumun üzvləri haqqında müşahidələrimin doğruluğuna şübhəm qalmadı: Gurultulu bəyanatlara, qulaqbatıran anonslara rəğmən Milli Şura üzvlərini yalnız bir sual düşündürür: O, qayıdacaqmı?

Əslində kimi üçün melodrama, kimi üçün besteller, vestern, yaxud fars, komediya və ya faciəvi komideyiya çevrilən bu filmin sonunun nə ilə nəticələnəcəyi bəlkə də əksər Şura üzvləri üçün bir o qədər də önəm daşımır. "Milli Şura" adlanan "PAZ" avtobusunun çarəsiz sərnişinləri üçün önəmli olan "O"-nun, yəni Rüstəm İbrahimbəyovun heç olmasa Azərbaycan ərazisinə qədəm qoya bilməsidir (İşğal altında olan ərazilərimizi nəzərdə tutmuram). Əks təqdirdə zorən sərnişinlər RUS(tam)lar demişkən, bir ömürlük "P(A)OZor-un, yəni biabırçılığın yükünü daşımaq məcburiyyətində qalacaqlar. Çıxılmaz vəziyyətə düşüblər Şura üzvləri...

Bu durumu kimsəyə arzulamazdım...

Haşiyə

"Şura"-nın çətiri altında səhranın bəyaz günəşindən qorunmağa çalışan ənənəvi müxalifət təmsilçilərinin bu gözləntiləri nədənsə mənə 1999-cu ildə çalışdığım telekanal üçün hazırladığım "çobanyastığı falı" süjetini xatırlatdı...

Kəsəsi, həmin vaxt ənənəvi müxalifətin başqa bir ad altında bir araya gəlməyə çalışan başbilənləri növbəti mitinq barədə qərar vermək üçün Müsavat Partiyasının Azərbaycan prospektində yerləşən qərargahına toplaşmışdılar.

Ənənəvi müxalifətin "Azadlıq" meydanı istəyinə "yox" cavabı verən Bakı Şəhər İcra Hakimiyyəti onlara "Motodrom"un ünvanını göstərmişdi. Müsavat Partiyasının qərargahında qızğın müzakirələr gedirdi. Toplantı iştirakçıları "çətin" bir seçim qarşısında qaldıları üçün səhər saatlarında başladıqları iclası heç cür yekunlaşdıra bilmirdilər. Beləliklə, həmkarlarım Müsavatın qərargahı qarşısında növbə çəkərək razılaşdırılmış, yaxud razılaşdırılmamış mitinq barədə veriləcək qərarı gözləyirdilər.

Xəbərlərin axşam buraxılışına az qalırdı. Müsavat Partiyasının qərargahına göndərdiyimiz əməkdaşlarımız isə telefon zənglərimizə cavab verməkdən və gözləməkdən yorulduqlarını deyirdilər. Məcburiyyət qarşısında qalıb özüm getdim Müsavatın qərargahına. Təxminən 10-15 dəqiqə gözlədikdən sonra Şəhriyar adına Mədəniyyət Sarayının yaxınqlığındakı gül dükanından bir ədəd çobanyastığı çiçəyi aldım və kamera qarşısına keçərək ənənəvi müxalifətin gedəcəyi ünvanı müəyyənləşdirməyə çalışdım: "Modotrom", "Azadlıq".... "Motodrom" sözü dilimdən, çobyastığının sonuncu ləçəyi isə yatağından eyni anda qopub düşdü...

Süjet efirə getdikdən 1 saat sonra bəlli oldu ki, 10 saatlıq müzakirənin nəticəsi çobanyastığı falı ilə üst-üstə düşüb. Yəni, ənənəvi müxalifət mitinqin "Motodrom"da keçirilməsi barədə qərar qəbul edib...

Görünür ənənəvi müxalifətin ənənəsiz təmsilçilərinin nigarançılığına son qoymaq üçün "Şura"-nın toplantısında çobanyastığı falını yenidən təkrarlamaq lazım... gələcək: İbrahimbəyov isə gəlməcəyək, gələcək, gəlməcəyək...

Doğrusu, İbrahimbəyov Bakıya gəlsə də, gəlməsə də bunun ənənəvi müxalifətə hər hansı bir faydasının olacağını düşünmürəm. Amma prosesin özü çox maraqlıdır...

Çobanyastığı falını nəzərdə tuturam...