Rüstəm İbrahimbəyov danışdıqca özünü batırır. Həm də dərində yox, dayazda…
…Hələ siyasi proseslər özünün aktiv mərhələsinə qədəm qoymayıb, seçki kampaniyası keçirilmir, siyasi debatlar da həmçinin… Hələ heç bir jurnalist, yaxud siyasətçi kinodramaturqun "pişiyini ağaca dırmaşdırmayıb". Arqumentlərlə, əks arqumentlərlə küncə sıxışdırmayıblar onu… İbrahimbəyovdan müsahibə götürənlər də əsasən onun çətirinin altına girən radikal düşərgəyə yaxın media qurumlarıdır. Verilən suallarda isə heç bir əks mövqe nəzərə çarpmır. Kəsəsi, Rüstəm İbrahimbəyovdan müsahibə götürən jurnalistlər demək olar ki, onunla eyni mövqedən çıxış edirlər. Bütün bu əlverişli şərtlərə baxmayaraq, İbrahimbəyov az qala hər kəlməsində səhvə yol verir. "Azadlıq" radiosunun efirindən onu Bakıya çağıranlara "ağızınızdan vuracağam deyir", "Yeni Müsavat" qəzetinə verdiyi müsahibədə mətbuata "demokratiya" dərsi keçir. Məsələn, görün milli Şuranın vahid namizədi "Yeni Müsavat" qəzetinin müxbiri Elşad Paşasoyun vasitəsilə Azərbaycan mətbuatına hansı tövsiyyələrini çatdırır: "Mətbuat yazılarından bir balaca narazıyam. Ona görə ki, iqtidara yaxın qəzetlər şaiə yayanda sizin qəzetlər onlara cavab verməlidir". Bu ikicə cümlə İbrahimbəyovun mətbuat haqqında təsəvvürlərini və mətbuata münasibətini tam çılpaqlığı ilə ortaya qoyur. Yəni, Rüstəm İbrahimbəyovun düşüncəsinə görə, o ölkə-ölkə gəzib dolandıqdan sonra son dayanacağına — Moskvadakı dostlarının yanına qayıdıb istirahət etməli, yeni təlimatlar almalı, mətbuat isə onun əvəzinə bütün suallara cavab tapmalıdır…
İbrahimbəyovun "Yeni Müsavat" qəzetinə müsahibəsində nəzərə çarpan başqa bir maraqlı məqam ayrı-ayrı ölkələrdə apardığı müzakirələrlə bağlıdır: "Mənə Amerikada da, Rusiyada da, Avropa da hər zaman deyirlər ki, biz Azərbaycanın daxili işlərinə qarışmırıq, biz demokratiyaya dəstək verəcəyik, çalışacağıq ki, seçkilər bir az şəffaf və ədalətli keçsin".
İndi bu sözləri Rüstəm İbrahimbəyova Amerikada kimlərin dediyi bəllidir. Bir neçə gün öncə kinodramaturq həmin şəxslərin adlarını açıqlamışdı. Həzəri baxımdan, Avropada da kimlərin bu barədə İbrahimbəyovla müzakirə apara biləcəyini təxmin etmək olar. Bəs Rusiyada? Nədən Rüstəm İbrahimbəyov Rusiyadakı "demokratiyaya dəstək verən, seçkilərin şəffaf və ədalətli keçməsinə çalışan" və belə bir vəd vermək imkanında olan şəxslərin adını çəkmir?
Bütün hallarda Rüstəm İbrahimbəyova "demokratiya və şəffaf seçki" barədə vədi Rusiya müxalifətinin liderləri — Eduard Limonov, Boris Nemsov, yaxud Sergey Parxomenko verməyib… Onlar heç öz ölkələrində piket belə keçirə bilmirlər…
Rüstəm İbrahimbəyov müsahibəsində deyir ki, onun xaricdə gördüyü işlər Azərbaycana gəlişindən daha vacibdir: "Elə işlər görürəm ki, məni sərhəddə saxlamasınlar, saxlayanda da məni azadlıqdan məhrum etmək imkanları olmasın. Mən bu işləri görməsəm kim görəcək. Axı bu işlər də "Yeni Müsavat" qəzetindən asılı deyil. Heç Müsavat Partiyasından, Milli Şuradan da asılı deyil. Bu, əsasən xalqın iradəsindən asılıdır".
…Qənaətimə görə, bu bir neçə cümlənin içərisindəki ziddiyətləri sezmək üçün xüsusi analitik düşüncəyə malik olmaq lazım deyil. Hər şey göz qabağındadır. Adam bir tərəfdən deyir ki, onun xaricdə gördüyü işlər Bakıya gəlişindən daha vacibdir, digər tərəfdən isə bildirir ki, hər şey xalqın iradəsindən asılıdır… Anlaşılmır, İbrahimbəyov hansı xalqı nəzərdə tutur… Əgər söhbət Azərbaycan xalqından gedirsə, o zaman Azərbaycan xalqının iradəsinə söykənmək üçün şübhəsiz ki, Azərbaycana gəlmək lazımdır. Bəlkə İbrahimbəyovun "öz xalqı" var və bu "xalq"ın nümayəndələri də ABŞ-da, Avropada, ən əsası isə Rusiyada yaşayırlar…
İbrahimbəyovun müsahibəsindən yuxarıda gətirdiyim iqtibasda onun "Yeni Müsavat" qəzetinə, Müsavat Partiyasına və Milli Şuraya nə qədər yuxarıdan aşağı baxdığı açıq-aşkar görünür. Bu adam açıq mətnlə deyir ki, onun gördüyü işləri nə "Yeni Müsavat" qəzeti, nə Müsavat Partiyası, nə də 128 nəfər üzvü olan Milli Şura görmək iqtidarında deyil…
…Bu hələ başlanğıcdır. Davamı olacaq yəqin ki…
"İndidən meydana çıxsa, orda neyləyəcəyəm", — deyən Rüstəm İbrahimbəyovun sualının isə yalnız bir cavabı var: "Heç bir şey! Nə indi, nə də sonra…".