Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində Haaqa Beynəlxalq Hüquq Akademiyasının beynəlxalq ümumi hüquq üzrə yay kurslarının iştirakçıları üçün "dəyirmi masa" təşkil edilib.
Azərbaycan Respublikasının xarici siyasəti, dinamik inkişafı və ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Beynəlxalq ümumi hüquq sahəsində mütəxəssis olan iştirakçılar Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri, münaqişənin nizamlanması prosesini tarixi və hazırkı vəziyyəti, münaqişəyə dair BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və s. beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr barədə məlumatlandırılıblar. Təəssüflə qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən təcavüzünə və Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal altında saxlamasına baxmayaraq, beynəlxalq birlik, beynəlxalq hüquqda cinayət sayılan təcavüz faktına lazımi hüquqi qiymət verməyib və təcavüzkara qarşı BMT Nizamnaməsində nəzərdə tutulan məcburiyyət tədbirlərini tətbiq etməyib.
Münaqişə ilə bağlı Azərbaycanın mövqeyi beynəlxalq hüquq nöqteyi – nəzərdən əsaslandırılmış və münaqişənin həllinə dair ölkəmizin mövqeyi tədbir iştirakçılarına izah olunub. Tədbir iştirakçıları münaqişənin hüquqi aspektlərinə və nizamlanma prosesinə dair suallar verilib və fikir mübadiləsi aparıblar.
Tədbirdə İtaliya, Hindistan, Fransa, Yaponiya, Türkiyə, Misir, Livan, Tailand, Niderland, Malayziya və Belçikadan olan beynəlxalq hüquqşünaslar iştirak ediblər.
Sonda, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Dağlıq Qarabağ münaqişəsi həqiqətlərini əks etdirən kitablar və Azərbaycanın BMT yanında daimi nümayəndəliyi tərəfindən yayılmış "Xocalıda cinayət: cinayətkarlar, təsnifat və beynəlxalq hüquqda məsuliyyət" və "Ermənistan Respublikasının BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə əməl etməməsi" adlı analitik materiallar iştirakçılara paylanılıb.
Tədbir ziyafətlə davam edib.