YAP Oğuz rayon təşkilatının yaranmasının 20 ili tamam oldu FOTOLAR

17 İyul 2013 19:23 (UTC+04:00)

YAP Oğuz rayon təşkilatının yaranmasının 20 illiyi qeyd edilib. SİA-nın verdiyi məlumata görə, rayon təşkilatının sədri Saleh Məhərrəmov əlamətdar günə həsr olunmuş yığıncağı açıq elan edib.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Oğuz rayon təşkilatının sədri yubileylə əlaqədar məruzə edərək bildirib ki, Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının yaranmasından 20 il vaxt keçir. Partiyamız çox zəngin, siyasi mübarizələrlə dolu, şanlı yol keçib.

S.Məhərrəmov çıxışına davam edərək bildirib ki, tarix boyu dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar, adətən, obyektiv zərurətdən və milli tələbatdan yaranıblar: "Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir. Böyük siyasi xadim Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması Azərbaycan xalqının həyatında cərəyan edən hadisələrin yekunu, o, dövrdə olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Bu gün Yeni Azərbaycan Partiyası postsovet məkanının ən nüfuzlu partiyalarından birinə çevrilmişdir".

Təşkilat sədri qeyd edib ki, 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində təsis olunmuş Yeni Azərbaycan Partiyasının hazırda 600 mindən çox üzvü vardır: "Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: "Yeni Azərbaycan Partiyası o vaxtki mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafeyinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün, zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır". 1993-cü ilin iyul ayının 17-də 155 nəfər təəssübkeşin iştirakı ilə YAP Oğuz rayon təşkilatının birinci konfransı keçirildi. Bu gün məhz həmin tarixi gündən artıq 20 il keçir. Ötən 20 ilin hər anı təşkilatımız üçün uğurlu olmuşdur. Təsis konfransında təəssübkeşlərin sayı 155 nəfər idisə, hal-hazırda rayon təşkilatı üzvlərinin sayı 75 ərazi ilk partiya təşkilatı üzrə 4000 nəfərə yaxındır. Artıq rayonun bütün yaşayış məntəqələrində, müxtəlif idarə və təşkilatlarda, ərazi prinsipi üzrə partiyanın ilk təşkilatları fəaliyyət göstərir. Partiya üzvlərindən 1642 nəfərini qadınlar, 1260 nəfərini gənclər təşkil edir. Ötən 20 il ərzində təşkilatlanma işi rayon təşkilatının qarşısında duran ən mühüm məsələlərdən biri olmuşdur. Həmin dövrdə ilk təşkilatlarla işi günün tələbləri səviyyəsində qurmağa çalışmışıq, və partiya sıralarına qəbula xüsusi fikir verilmişdir".

S.Məhərrəmov 2013-cü ilin payızında respublikamızda keçiriləcək növbəti Prezident seçkilərindən də danışıb: "Biz bu seçkiyə də ciddi hazırlaşır, hörmətli sədrimizin Prezidenti seçilməsi üçün bütün gücümüzü, təşkilati və təbliğatı işimizi bu istiqamətə yönəltməliyik. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Heydər oğlu Əliyevin seçki Qərargahının 17 nəfərdən ibarət Oğuz rayon şöbəsi yaradılmışdır. Qərargahın fəaliyyət proqramı hazırlanmış və bu proqrama uyğun olaraq hazırlıq işləri başlanmışdır. Seçki qərargahının yerlərdə 250 nəfər yüzbaşı fəallardan ibarət tərkibi yaradılmışdır. Biz bütünlüklə əminik ki, oğuzlular əvvəlki illərdə olduğu kimi bu seçkidə də öz qəti sözünü deyəcək, partiyamızın sədrinə bir daha yekdilliklə sevgi və istəklərini nümayiş etdirəcəklər. Xalqımız əmindir ki, Yeni Azərbaycan Partiyası nəinki onilliklərin, yüzilliklərin partiyası olacaqdır. O, qarşısına qoyduğu bütün vəzifələri axıradək uğurla başa çatdıracaqdır".

Yubiley tədbirində partiya veteranı, idarə heyətinin üzvü Xalid Babayev, YAP Qadınlar Şurası idarə heyətinin üzvü Qərənfil Məcidova, YAP Gənclər Birliyi idarə heyətinin üzvü Mehman Ramazanov çıxış ediblər. Yubiley tədbirini Rayon İcra hakimiyyətinin başçısı, İdarə heyətinin üzvü Eyvaz Qurbanov yekunlaşdırıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri Cənab İlham Əliyevə müraciət qəbul olunub.

Partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.