Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə seçilən "10 ilin dövlət adamı" və "İlin ulduzları" mükafatlarının İstanbuldakı Haliç Konfrans Mərkəzində təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, rəy sorğusunun nəticələrinə əsasən Azərbaycan Prezidenti İlham Əliyev "Türkdilli respublikalarda 10 ilin ən uğurlu dövlət adamı" seçilib.
"Türkiyədə 10 ilin ən uğurlu dövlət adamı" nominasiyasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, "10 ilin naziri" nominasiyasında Binəli Yıldırım, "İlin xarici sərmayə yatırımı" nominasiyasında isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qalib elan ediliblər. Sorğuda "İlin ulduzları" nominasiyası üzrə qalib gələnlər də mükafatlandırılıblar.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Ekovitrin" jurnalının kollektivinə təşəkkürlərini çatdırıb.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasından sonra Azərbaycanın və Türkiyənin Avropanın enerji bazarında yeni aktorlar kimi çıxış etməyə başladıqlarını bildirən Əli Həsənov deyib ki, ötən 10 il dünyaya çox şey verib. Amma ən dəyərli sərvətini - güc artımını Türkiyəyə və Azərbaycana verib. Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxararaq iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün ehtiyaclarını aradan qaldırıb, eyni zamanda, bölgənin ciddi aktoruna çevrilib. Türkiyə isə Xəzər neftini dünyaya çatdıran mühüm enerji mərkəzi olub. Bu gün Avropanın enerji təhlükəsizliyini nə Türkiyəsiz, nə Azərbaycansız, nə də Bakı-Tbilisi-Ceyhansız təsəvvür etmək mümkün deyildir.
Prezident Administrasiyasının şöbə müdiri Avrasiyanı təmsil edən 270 mindən artıq insanın "Ekovitrin"in bu sorğusuna qatılaraq səs verməsini həqiqəti tam əks etdirdiyini diqqətə çatdırıb: "10 ildə Azərbaycan nəinki inkişaf edib və bölgəni inkişaf etdirib, eyni zamanda, Xəzər hövzəsini, Cənubi Qafqazı dünyanın iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevirib".
Əli Həsənov ötən on ildə Azərbaycanın daha bir uğurunun da 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi olduğunu bildirib: "Azərbaycan ikinci türk dövlətidir ki, Təhlükəsizlik Şurasının üzvüdür. Bizim bu gücümüzün meydana çıxmasında da, Türkiyənin dünyada bugünkü geosiyasi, geoiqtisadi, geostrateji və hərbi qüdrətinin artmasında da Azərbaycanın məxsusi payı var. Biz bu payı dəyərləndirənlərə təşəkkür edirik. Bu mükafat Azərbaycan Prezidenti İlham Əliyevin tam haqqıdır. Prezident İlham Əliyevin on illik fəaliyyətinə verilən bu dəyər - "10 ilin dövlət adamı" mükafatı tam reallığı əks etdirir. Bu işdə əməyi keçən, bu sevinci bizimlə bölüşən hər kəsə Azərbaycan hökuməti adından bir daha təşəkkür edirəm. İlk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılıb. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib".
Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının, həmçinin Qoşulmama Hərəkatının üzvü seçilib. Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz, Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, "Eurovision" musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Azərbaycan artıq idman ölkəsinə çevrilib. Bunun nəticəsidir ki, Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Məhz bu uğurlara görə Prezident İlham Əliyev "10 ilin dövlət adamı" seçilib.