Yeni Dövlət Proqramı vətəndaşlara nə vəd edir?

12 İyul 2013 12:00 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şura "2013-2014-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin ictimai müzakirəsini keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, fəaliyyət göstərdiyi bir il müddətində Dövlət Agentliyinin əsas vəzifəsi iki istiqamətdə quruplaşdırılıb: "Bunlardan biri Azərbaycan Respublikasında ASAN xidmət mərkəzlərinin təşkili və idarə edilməsi, digəri əsas vəzifələrdən biri isə ölkədə təşkil edilən elektron xidmətlərin optimal yolla həll olunması və bu sahədə aidiyyatı dövlət orqanları ilə birgə onlar tərəfindən göstərilən xidmətlərin elektronlaşması sahəsində lazımi tədbirlər görülməsidir. Bu gün müzakirə olunan layihə ölkə prezidentinin göstərişi əsasında baş tutur. Burada əsas məqsəd dövlət orqanları tərəfindən göstərilən xidmətin daha da asanlaşdırılmasıdır".

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, hazırda ölkədə "elektron hökumətin" formalaşması prosesi davam edir. Onun sözlərinə görə, adıçəkilən layihənin ictimai qurumlar tərəfindən müzakirə olunması və yekun nəticələrin əldə edilməsi bu prosesə daha da təkan verəcək: "Ümumilikdə Dövlət Proqramı ölkədə "elektron hökumətin" formlaşmasına və ondan daha çox istifadə olunmasına imkan verəcək".

Daha sonra 2013-2014-cü illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin təqdimatı keçirilib. Həmçinin dövlət proqramında elektron hökumətin inkişafına dair tədbirlər haqqında və dövlət proqramı layihəsinə ictimai baxış mövzularında müzakirələr də təşkil olunub. Müzakirələrdə dövlət qurumları, vətəndaş cəmiyyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, tədbir müddətində ekspertlərin, eyni zamanda müvafiq dövlət qurumları nümayəndələrinin fikirləri onlayn formatda Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN" xidmət mərkəzinin rəsmi Twitter (https:// twitter.com/ ASANXidmat) səhifəsində izləmək mümkündür.