İlk 10-luqda yer alan dövlət qurumlarının adı açıqlanıb

12 İyul 2013 11:28 (UTC+04:00)

Hər ay "Elektron hökumət" portalına 50 min istifadəçi müraciət edir". SİA-nın xəbərinə görə, bunu "2013-2014-cü illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı" layihəsinin ictimai müzakirəsi zamanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda təxminən 40-a yaxın dövlət qurumu "Elektron hökumət" portalından qeydiyyatdan keçib: "Təqdim olunmuş elektron xidmətlərin sayı 417, portalda yerləşdirilmiş elektron xidmətlərin sayı isə 225-dir".

Nazir müavini Azərbaycanda elektron xidmətlərin göstərilməsində ilk 10-luqda yer alan dövlət qurumlarının adını açıqlayıb: "Bu qurumlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasıdır".