Dəniz səviyyəsindən 1200 metr hündürlükdə mürəkkəb relyef şəraitinə malik olan Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Toradi və Hamoşam kəndləri rayon mərkəzindən 45 km aralı olmaqla şimal-qərbdə ən ucqar yaşayış məntəqələridir. Toradi kəndinin ərazisi 497 ha, əhalisi 742 nəfər, təsərrüfatlarının sayı 147, Hamoşam kəndinin ərazisi 1163 ha, əhalisi 2156, təsərrüfatlarının sayı 409-dur. Əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıq olan bu kəndlərin əhalisi zəhmətkeş, dövlətə və dövlətçiliyə sadiq insanlardır. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşdə son dövrlər dağ kəndlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən razılıqla söhbət açan kənd sakinləri, ölkə rəhbərinin bu diqqət və qayğısına əməli fəaliyyətləri ilə cavab verəcəklərini, ölkəmizin inkişafı üçün gördüyü böyük işlərdə ən yaxın köməkçisi olacaqlarını vurğulamışlar.
Qeyd olunub ki, son illər ölkəmizdə və rayonumuzda görülən quruculuq-abadlıq işləri – təhsil, səhiyyə, müəssisəslərinin tikintisi və əsaslı təmiri, abadlaşdırılan yollar, salınan körpülər və digər işlər bizi hədsiz sevindirir, ölkəmizin parlaq gələcəyinə inamımızı daha da artırır.
25 km-lik Pensər-Hamoşam-Toradi avtomobil yolunun uzun illərdən sonra rayon rəhbərliyinin və yerli əhalinin yaxından köməkliyi ilə yolun qısa vaxt ərzində əsaslı təmir edildiyini yüksək qiymətləndiriblər.
İcra başçısı Toradi və Hamoşam kənd sakinlərini dinlədikdən sonra növbəti dəfə bu dağ kəndlərində əhali ilə görüşündən məmnun olduğunu, ötən görüşdən keçən müddət ərzində kəndlərin inkişafı, əhalinin rahatlığı üçün müəyyən işlərin görüldüyündən razılığını bildirib. Qeyd edib ki, ötən il bu çətin dağ yollarında aparılan təmir nəticəsində nəqliyyatın daimi hərəkəti təmin edilməklə xeyli rahatlıq yaradılmışdı. Lakin bununla kifayətlənməyərək, biz yerli sakinlərin də yaxından köməkliyilə bu il yenidən bu yollarda əsaslı təmir işinə başladıq. Qısa vaxt ərzində yollar genişləndirilərək çınqıl döşənib, müəyyən yerlərdə suötürücü borular qoyulub. 25 km-lik dağ yolunda indi hər növ avtomobillə rahat hərəkət təmin olunub. Eyni zamanda keçən görüşümüzdə kənddəki elektron ATS-in tutumunun artırılması, sürətli internet şəbəkəsinin açılması, Hamoşam kəndi üçün yeni tədris binasının inşası, kənd üçün təcili yardım avtomobilinin ayrılması barədə müraciətlər edilmişdi. Gördüyünüz kimi bunların hamısı həllini tapıb. Bütün bunlar möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə həyata keçirilib. Ən ucqar dağ kəndləri olan Toradi və Motlayataq kəndlərində yüksək keyfiyyətlə inşa edilmiş müasir tipli orta məktəb binaları istifadəyə verilib, Hamoşam, Asxanakəran kəndlərindəki məktəb binalarının yeni dərs ilində istifadəsi nəzərdə tutulub. Qonşu kəndlər olan Amboba və Əzərüd kəndlərində də yeni məktəb binalarının tikintisi layihələşdirilir. Belə ucqar dağ kəndlərində bu cür məktəb binalarının inşası, yaxud internet şəbəkəsinin açılması bir neçə il bundan əvvəl yalnız xəyal idi. İndi bunlar gerçəkləşib. Deməli, gündən-günə inkişafı sürətlənən, tərəqqi edən, müstəqil dövlətimiz üçün bu görülən işlər heç də əlçatmaz deyil.
İcra başçısı Q.Ağayev daha sonra əlavə edib ki, bu gün müstəqil dövlətimizin sürətli, hərtərəfli inkişafı göz qabağındadır. Ölkəmizin iqtisadi qüdrəti artıqca, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edən daha böyük layihələr – ucqar dağ kənd yollarının asfaltlaşdırılması, bu kəndlərə təbii qazın çəkilməsi, elektrik təsərrüfütlarının yenilənməsi və digər bu kimi layihələr də həyata keçiriləcəkdir. Biz bunlara möhkəm birliyimiz, sağlam mənəviyytımız, işgüzarlığımızla nail olacağıq.
Sonda icra başçısı Q.Ağayev Hamoşam kənd tam orta məktəbinin yeni inşa edilən binasında tikinti işlərinin gedişi ilə tanış olub, tövsiyə və tapşırıqlarını verib.
Sərraf Mirsəfəroğlu