Qurultay iştirakçıları Prezident İlham Əliyevə məktub ünvanlayıb

11 İyul 2013 13:19 (UTC+04:00)

Azərbaycan Jurnalistlərinin VI Qurultayının iştirakçıları prezident İlham Əliyevə məktub ünvanlayıb. SİA-nın xəbərinə görə, məktubu Azərbaycan jurnalistlərinin VI qurultayında "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli oxuyub. Məktubda deyilir ki, Azərbaycanda mediaya göstərilən böyük diqqət və qayğı əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və sizin uğurla həyata keçirdiyiniz çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanır: "Kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müstəqilliklərinin genişləndirilməsinə, onların ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına və sair bu kimi vəzifələrin gerçəkləşməsinə yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm konfrans və seminarların düzənlənməsi ölkəmizin beynəlxalq imicinin də yüksəlməsinə xidmət edir. Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. Media ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil olunmasına dair aldığımız xəbər bizləri ürəkdən sevindirdi".

Ceyhun Rasimoğlu