ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarına səfər ediblər. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ARDNŞ-nin prezidenti və onu müşayiət edən şəxslər əvvəlcə Neft Daşlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra ARDNŞ prezidenti burada inşa edilmiş yeni Qaz Turbinli İstilik Elektrik Stansiyasının istismara verilməsi mərasimində iştirak ediblər. Rövnəq Abdullayev rəmzi qırmızı lenti kəsib, stansiyanı işə salıb. ARDNŞ-nin prezidentinə məlumat verilib ki, "Neft Daşları" və "28 May" neft və qazçıxarma idarələrinin elektrik enerjisi ilə təminatı 1986-cı ildə istifadəyə verilmiş Qazturbinli Elektrik İstilik Stansiyası (QTES-48) vasitəsi ilə həyata keçirilirdi. Stansiya fiziki və mənəvi cəhətdən köhnəldiyindən, bəzi avadanlıqların sıradan çıxması, bununla da yanacaq sərfi, habelə hasil olunan enerjinin maya dəyəri artdığından yeni stansiyanın tikilməsinə yaranmış ehtiyac nəzərə alınaraq, 2009-cu ildə ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu və "Kompra Enerji" şirkəti tərəfindən hər birinin gücü 7,5 MVA olan 6 ədəd qaz-turbinli generatordan ibarət elektrik stansiyasının layihəsi hazırlanıb. Qaz Turbinli İstilik Elektrik Stansiyası həmin layihə əsasında "Neft Daşları"nda quraşdırılmış 60x100 metr ölçülü platformanın üzərində ARDNŞ-nin "Neftqaztikinti" Tresti tərəfindən tikilib. Yeni stansiya elektrik enerjisi hasil etməklə yanaşı, kommunal məişət obyektlərinin istilik enerjisinə olan tələbatını da təmin edir.
Qeyd olunub ki, stansiyanın xarici şəbəkə ilə əlaqəsi olmadığından əsas avadanlıqlar - SOLAR şirkətinin istehsalı olan 6-ədəd TAURAS-70 qaz turbin generatoru istismar etibarlılığı baxımından çox yüksək tələblərə cavab verir. Turbinlərdən 4-ü yalnız yanacaq qazı, digər 2 turbin isə həm qaz, həm də dizel yanacağı ilə işləyə bilir. Bütün turbinlər təlabatdan asılı olaraq eyni vaxtda dayanmadan işləyə biləcək şəkildə layihələndirilib. Stansiyanın materialları dəniz şəraitində istismar tələbləri üçün qoyulan beynəlxalq standartlara cavab verir. Stansiyanın istismarının minumum layihə müddəti 200 000 saat və ya 25 il təşkil edir.
ARDNŞ prezidenti obyektin vaxtında və yüksək keyfiyyətlə istismara buraxılması münasibəti ilə mərasim iştirakçılarını təbrik edib. Şirkət rəhbəri son illər "Neft Daşları"nın sosial-iqtisadi inkişafı istiqamətində aparılan tədbirlərin təqdirəlayiq olduğunu bildirib, istismara verilən stansiyanın bu baxımdan önəmini vurğulayıb.
Bundan sonra ARDNŞ-nin prezidenti və onu müşaiyət edən şəxslər Geofizika və Geologiya İdarəsinin "Neft Daşları" Mədəngeofizika Ekspedisiyası üçün yeni inşa edilən meydança və inzibati binanın açılış mərasimində iştirak ediblər. Mərasimdə bildirilib ki, indiyədək "Neft Daşları", "Palçıq Pilpiləsi", "Günəşli" və "Çilov adası" yataqlarındakı quyularda geofiziki tədqiqat işlərini yerinə yetirən ekspedisiya 1985 və 1983 saylı meydançalarda yerləşib. Ötən müddət ərzində meydançaların və estakadanın bəzi hissələri, eləcə də ekspedisiyaya gedən yollar yararsız vəziyyətə düşmüş, metal sütunlar güclü korroziyaya məruz qalmışdır. Bütün bunlar nəzərə alınaraq, yeni meydançanın və ekspedisiyanın bazasının tikintisinə qərar verilin. 2010-cu ildən "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Neftqaztikinti" Tresti tərəfindən yeni özülün, 2012-ci ilin noyabr ayından isə ekspedisiya üçün bazanın tikintisinə başlanılıb. Özüldə işçilərinin işləməsi və mədən-geofiziki cihazların təmiri üçün ümumi sahəsi 1800 kvadrat metr olan 2 mərtəbəli inzibati bina inşa olunub. Binada quyu cihazlarının təmiri sexi, rəhbər və mühəndis texniki işçilərin iş otaqları, arxiv-fond, emal otaqları yerləşir. Ərazidə həmçinin, nəqliyyat və xüsusi texnika, quyu cihazlarının təmiri sexləri, mexaniklərin iş otağı, emalatxana, radioaktiv və partlayıcı maddələrin saxlanılması anbarları tikilib. ARDNŞ-nin prezidenti obyektin vaxtında və yüksək keyfiyyətlə istifadəyə verilməsinin əhəmiyyətini vurğulayıb, geofiziklərə uğurlar arzulayıb.
Səfər çərçivəsində Şirkətin neft-qaz hasilatı göstəriciləri müzakirə olunub, müvafiq idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilib.