Elmar Məmmədyarov: “Azərbaycanın Əfqanıstana dəstəyi bundan sonra da davam edəcək”

10 İyul 2013 16:51 (UTC+04:00)

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın daxili işlər naziri Qulam Müctəba Patangın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, nazir Elmar Məmmədyarov qonağı salamlayıb və iki ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərdən məmnunluğunu bildirib. Bu münasibətlərin ənənəvi olaraq dostluq və qardaşlıq xarakteri daşıdığını, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstana dəstəyinin bundan sonra da davam edəcəyini qeyd edib və Ermənistan-Azərbaycan münaqişəsində Əfqanıstanın mövqeyini yüksək qiymətləndirib.

Əfqanıstanın daxili işlər naziri Qulam Müctəba Patang ölkəmizə səfərdən məmnun olduğunu bildirib və ölkəsinin Azərbaycanla bir çox sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Qulam Müctəba Patang müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycanın Əfqanıstana verdiyi dəstəyi yüksək qiymətləndirib. Əfqanıstanlı nazir, həmçinin Ermənistan-Azərbaycan münaqişəsində ölkəsinin daim Azərbacanın mövqeyini dəstəkləyəcəyini vurğulayıb.

Görüşdə, həmçinin səfərlər mübadiləsinin həyata keçirilməsi və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti qeyd edilib.