“Abaşa-Senaki” qaz xəttinin tikintisi yekunlaşıb

9 İyul 2013 12:24 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Neftqaztikinti" Trestinin Gürcüstan nümayəndəliyi "Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisi" Layihəsi üzrə işləri başa çatdırıb. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, "Neftqaztikinti" Trestinin Abaşa-Senaki qaz xəttinin 29 km-lik hissəsinin tikintisinə cəlb olunmuş mühəndis-texniki işçiləri Noqela, Texura və Çivi çayları, həmçinin müxtəlif kanal və magistral avtomobil yolları ilə kəsişən xəttin tikintisi zamanı TSE-ISO-EN 9001, TSE-ISO-EN 14001, TS-OHSAS 18001 və TS EN ISO/IEC 17025 Beynəlxalq Sertifikatlarının tələblərinə ciddi riayət ediblər. Qaz xətti üzərində 3 siyirtmə qovşağı quraşdırılıb, elektrokimyəvi mühafizə işləri yerinə yetirilib. Trestin balansındakı ABŞ istehsalı olan "American Augers" markalı horizontal qazma maşını ilə qaz xəttinin çəkilişi magistral avtomobil yollarının altından horizontal qazma üsulu ilə xəndəksiz keçməklə davam etdirilib.

Qeyd edək ki, layihə ilə bağlı "Gürcüstan Neft və Qaz Korporasiyası" SC tərəfindən 30 yanvar 2012-ci il tarixdə elan edilmiş tenderin qalibi "Neftqaztikinti" Tresti elan olunub və 04 iyun 2012-ci il tarixdə tərəflər arasında müqavilə imzalanıb.