Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Elton İbrahimlinin SƏS TV-yə müsahibəsi
- Elton müəllim, Prezident İlham Əliyev tərəfindən Gənclər üçün Prezident Mükafatının təsis edilməsi ilə bağlı Fərmanı necə dəyərləndirirsiniz?
- Cənab Prezident İlham Əliyevin sözügedən fərmanı gənclərin bir sıra sahələrdə uğur qazanmalarına stimul yaradır. Bu fərmanın çoxşaxəli istiqamətlərə ayrılması onun dolğunluğundan xəbər verir. Bu mükafatın sahibləri olacaq gənclərin pul mükafatı ilə təltif olunması da diqqəti çəkən məqamlardan biridir. İldə bir dəfə 6 gənc nəzərdə tutulan mükafatla təltif olunacaq. Onların hər birinə 10000 manat məbləğində pul mükafatı ilə yanaşı, xüsusi hazırlanmış vəsiqə və nişan da veriləcək.
- Sizcə, nəzərdə tutulan mükafat gənclərə hansı töhfələri verəcək?
- Əlbəttə, cənab prezidentin verdiyi digər fərman və qərarlarla yanaşı, sözügedən mükafat da onların inkişafında xüsusi rol oynayacaq. Gənclərimizin bu günə qədər əldə etdiyi uğurlar bunun bariz nümunəsidir. Azərbaycanla eyni vaxtda müstəqillik qazanan ölkələrdə gənclərin inkişaf tempinə nəzər salsaq görərik ki, gənclərimiz öz üstünlüyü ilə xüsusi olaraq seçilir. Mən fəxr hissi ilə deyə bilərəm ki, Azərbaycan gəncləri öz potensiallarını nəinki ölkəmizdə, hətta respublikamızın hüdudlarından kənarda da təsdiqləyiblər. Mən bir məqama da toxunmaq istəyirəm ki, nəzərdə tutulan gənclərin bu mükafatla təltif olunması Gənclər Gününə təsadüf edir. Düşünürəm ki, bu mükafatlandırılan gənclərin ikiqat sevincinə səbəb olacaq. Onlar daha da ruhlanaraq prezidentimizin onlara yaratdığı geniş imkanlardan yararlanıb, özlərini bir daha təsdiq etməyə imkan qazanacaqlar.
- Azərbaycan gənclərinə göstərilən diqqət və qayğı dünyanın heç bir ölkəsində yoxdur. Sizcə, gənclər bu diqqət və qayğını doğrulda bilirlərmi?
- Ulu Öndər Heydər Əliyev 1993-cü il 15 iyun tarixində Azərbaycan Parlamentinin sədri seçildiyi zaman bir qrup gənclər təşkilatını bir araya toplayaraq onları narahat edən problemləri diqqətlə dinləmiş, onların aradan qaldırılmasında yaxından köməklik göstərəcəyini bildirmişdi. Bu yöndə ilk addım isə Azərbaycan Gənclər və İdman Nazirliyi yaradılması oldu, bunun ardınca isə 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi. Ulu Öndər həmin forumda özü şəxsən iştirak etdi və oradakı çıxışı zamanı belə bir ifadə işlətdi: "Azərbaycanın gələcəyi bizim gəncliyimizdir, gəncliyimiz gələcəyimizə bağlıdır". Bu ifadənin məhz prezident tərəfindən işlədilməsi gənclər üçün iftixar ediləcək məqam idi. Onlar bu nitqdən sonra vətənimiz üçün önəm daşıdıqlarının və üzərlərində olan məsuliyyətin böyüklüyünün fərqinə vardılar. Ulu Öndər gənclərin rifahının daha da təkmilləşməsi üçün Azərbaycan Dövlət Gənclər Siyasəti proqramını təsis etdi. Cənab prezidentimiz İlham Əliyevin dövründə sözügedən proqram daha da şaxələndirilərək geniş mövzuları əhatə etdi. Təbii ki, gənclərimiz də onlara göstərilən diqqət və qayğıya qarşı laqeyd deyillər. Gənclər üzərində dövlətin qayğıkeş münasibəti onlara daha da əzmlə irəli getməsinə ruh verir. Sizin də qeyd etdiyiniz kimi, belə diqqət və qayğı dünyanın heç bir ölkəsində yoxdur. Amerika kimi dünyanın ən inkişaf etmiş dövlətində xüsusi potensialı ilə seçilən gənclərə verilən pul mükafatı 1000-5000 manat olduğu halda, Azərbaycanda bu göstərici 10 min manata çatdırılıb. Dünyada inkişaf tempinə görə seçilən ölkələr arasında Norveçi də misal göstərmək mümkündür. Lakin Norveçdə belə, gənclərə ayrılan məbləğ Azərbaycandan qat-qat aşağıdır. Təbii ki, gənclərimiz də bu fərqin diqqətinə varır, dövlət tərəfindən nə qədər geniş imkanlarla təmin olunduqlarını dərk edirlər. Məhz buna görə də bu gün Azərbaycan gəncləri cənab prezidentimizin siyasətini dəstəkləyirlər.