Şurada SEDA layihəsinin nümayəndələri ilə görüş keçirilib

4 İyul 2013 18:10 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında ölkəmizdə sosial-iqtisadi fəaliyyət layihəsinin (SEDA) nümayəndələri ilə görüş keçirilib. SİA-ya verilən məlumata görə, ilk olaraq çıxış edən layihənin rəhbəri Timoti Mədiqan hazırkı dövrədək görülən işlər haqqında məlumat verib.

Ölkəmizdə səfərdə olan sözügedən layihənin icraçısı Şərq-Qərb İdaəretmə İnstitutunun rəhbəri xanım Delina Fico isə hər zaman Şura haqqında yüksək fikirdə olduğunu bildirib. O, layihənin komponentləri haqqında məlumat verərək 2014-cü il üçün fəaliyyət proqramını müzakirə etməyi təklif edib.

Şuranın icraçı direktoru Fərasət Qurbanov qonaqları salamlayaraq layihə çərçivəsində Şuranın əməkdaşlıq təkliflərini onların diqqətinə çatdırıb. Görüşdə region QHT-ləri üçün müxtəlif mövzularda təlimlərin təşkili, elektron xidmətlərin təkmilləşdirilməsi, ictimai iştirakçılıq, o cümlədən yeni qəbul edilən qanunların təbliği, beynəlxalq konfransın keçirilməsi, təcrübə mübadiləsi səfərlərinin həyata keçirilməsi, təlimçilər komandasının yaradılması, təlim modullarının hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.