Xəbər verdiyimiz kimi, dünən komandalarımız UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində ilk oyunlarını keçirdi. "Xəzər Lənkəran" səfərdə Malta klubu "Slima" ilə oyunda heç-heçə etsə də, "Qarabağ" Makedoniyanın "Metallurq"una 1:0 hesabla qalib gəldi.
Bu oyunlarla bağlı Azərbaycanın idman mütəxəssislərinin fikirlərini öyrənməyə çalışdıq.
Futbol üzrə milli komandanın keçmiş baş məşqçisi Şahin Diniyev:
"Klubun səfərdən qalib qayıtması, doğrudan da uğurdur. Çünki səfərdə vurulan hər bir qol ikiyə sayılır. Hər iki oyunda favorit Azərbaycan klubları idi. Amma hələ oyunun taleyi həll olunmayıb. Bu oyunların ciddiliyini nəzərə alıb hazırlaşmaq lazımdır. Burada artıq şanslar 10 faiz də artdı. Artıq növbəti mərhələyə keçmək şansı 70-in 30-a faizi oldu. Bizim klublar öndədir. Sadəcə bunu həyata keçirtmək üçün ciddi hazırlaşmaq lazımdır. "Qarabağ"da həmçinin evdə bir qol buraxsa, işi çətinləşə bilər. Malta təmsilçisi bir qol vurmağı bacarıbsa, istənilən halda yenə də qol vura bilər. Amma hər iki klubun ilk oyunudur. Buna görə də müəyyən çatışmazlıqlar olacaq. Heç bir komanda, demək olar ki, tam hazır deyil. Buna görə də tam pik nöqtəsinə gəlib çata bilmir. Ümid edirəm ki, həm "Xəzər Lənkəran", həm də "Qarabağ" bu çatışmazlığı ev oyununda aradan qaldıracaq. Bu çatışmazlıqların başlıcası oyunçular arasındakı əlaqənin möhkəm olmamasıdır. Hələ ki, futbolçular arasındakı anlaşılma yüksək səviyyədə deyil. Buna vaxt lazımdır. Həmçinin çatışmazlığın digər səbəblərindən biri də fiziki hazırlıq səviyyəsi də ola bilər".
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov:
"Mən bu nəticəni normal hesab edirəm. Əvvəlcə də sizə demişdim, bizim klublarımızın 4-ü də birinci mərhələni keçməlidirlər.
"Qarabağ" gözəl göstərici əldə etdi, qələbə çaldı. Amma əsas odur ki, cavab matçında bu oyunların ardıcıllıqları gəlsin.
"Xəzər Lənkəran" isə 1:1 edib. Pis göstərici deyil. Bu hesabla dönmələri hələ heç nə demək deyil. Təbii ki, udmaqları daha yaxşı olardı. Qapısından qol buraxmağı yaxşı olmadı. Komandamız qalib gəlməli idi. Çünki rəqib Malta komandası idi. Maltada futbolun səviyyəsi bizdəkindən aşağıdır. Bu, komandaların oyununda da özünü göstərməli idi. Malta klubundan top buraxmaq yaxşı hal deyil. "Xəzər Lənkəran" qalib gəlsəydi, həm də UEFA-nın reytinq cədvəlində də irəliləyərdik. Belə oyunlarda futbolçularda güclü motivasiya olmalıdır. Bundan çox şey asılıdır. Ola bilsin, "Xəzər Lənkəran" futbolçuları oyuna tam hazırlaşa bilməyib. Həm də, onlarda çempionatın yorğunluğu da qala bilər. Düzdür, müəyyən səhvlərdən danışırıq. Amma komandalarımızın oyun təcrübəsini də nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, "Xəzər Lənkəran"ın da növbəti mərhələyə keçəcəyinə inanıram".
Veteran futbolçu Vidadi Rzayev:
""Qarabağ" klubunun 1:0 hesabla səfərdə qələbə qazanması əla göstəricidir. Demək olar ki, ilk mərhələni adlayıblar. Düzdür, "Xəzər Lənkəran"ın oyunu bir o qədər ürəkaçan olmadı. Bir az zəif oyun nümayiş etdirdi. Yəni Maltanın komandasına qalib gəlməli idilər. Əminəm ki, "Xəzər Lənkəran" da evdə qalib gələrək mərhələ adlaya biləcək".
"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Yunis Hüseynov:
"Xəzər Lənkəran" pis təsir bağışladı. Komanda yaxşı oynaya bilmədi, fiziki cəhətdən oyuna hazır deyildilər, oyuna çox arxayın çıxmışdılar. Artıq "Xəzər Lənkəran"da belə bir hiss var idi ki, "Sliema"nı keçib növbəti mərhələdəyik. Bu da rəqibin bərabərlik qolunu vurmağa imkan verdi. Nildo qol vursa da, yeni transferlər ilk oyunda özlərini doğrulda bilmədilər. Lakin hiss olunur ki, hələ komandaya uyğunlaşmayıblar. O qolda da Tounkaranın böyük rolu oldu. Zohair Benahui heç meydanda görünmədi. Bəlkə də yenidirlər hələ komandaya tam uyğunlaşmayıblar. Dünən "Xəzər Lənkəran"ın zəif oynadığı üzə çıxdı. "Xəzər Lənkəran" ilkin mərhələni keçməyi elə ilk oyunda həll etməli idi. "Qarabağ" qələbə qazandı, bu yaxşı haldır. Oyunu görməmişəm, amma göstəricini nəzərə alsaq, layiqli qələbə qazanıb".