Qum üzərində Şura…

2 İyul 2013 18:16 (UTC+04:00)

Bu adamlar yenə illər öncə elan etdikləri və hər zaman sadiq olduqları barədə danışdıqları dəyərlərə tüpürdülər. Andlarını ayaqlar altına atıb, Rüstəm İbrahimbəyov adlı bir avantüristin sifarişli ssenarisində rol aldılar. Bununla da İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Lalə Şövkət və digərlərinin iddia etdikləri "milli demokratik düşərgə" deyimindəki "milli" və "demokratik" kəlmələrindən biri Şurayla qol-boyun oldu, digəri isə donuzqovan İbrahimbəyovun burnunun ucuna dəyib sabun köpüyü kimi partladı. Və Şura "Səhranın bəyaz günəşi"nin altında günəşlənmək üçün qum üzərinə çıxdı…

Vahid namizəd məsələsində onları heç kimlikdən yüksək dövlət vəzifələrinə gətirən milliyyətçi demokrat Əbülfəz Elçibəyə güzəştə getməyən bu nankor və dönüklər sülaləsinin təmsilçiləri məmnuniyyətlə rusbaşlı RUStamın çatısı altına keçdilər. Bu da 25 illik siyasi fəaliyyətin sonu… Və əslində siyasi ölüm aktı. Yox, bu, siyasi xarakiri deyil! Xarakiri ləyaqətli mücadilə adamlarının seçdiyi özünəqəsd vasitəsidir. Rüstəm İbrahimbəyovun çatısının altına keçmək Milli Azadlıq Hərəkatından çıxmış bir siyasətçi üçün ən yaxşı halda sirkə turşusu, yaxud çoxlu sayda həb qəbul edərək, ən pis halda isə donuz damında özünü asaraq intihar etməyə bənzəyir. Və bu siyasi ölüm ölümlərin ən şərəfsizidir!

…Beləliklə, artıq bir çoxları üçün biabırçı siyasi intiharla başa çatacaq bu son tragikomediyanın müəllif ssenarisinin dialoqlarını yazan şəxsin kimliyi hər kəsə bəllidir. Remarkaları və rejissor ssenarisini yazanların isə ünvanı… Pənah Hüseynin də etiraf etdiyi kimi, bu dəfə o və düşərgədaşları başqalarının çəkdiyi filmdə rol alıblar. Bəlkə də kütləvi səhnələrin oyunçuları və ya pavilyon çəkilişləri üçün nəzərdə tutulan dekorasiya, əlbisə kimi…

Hələlik isə İbrahimbəyov və yönəticilərinin qüm üzərində inşa etdikləri dekorativ xarakterli, bütövrəsiz, sütunsuz bağ evində yay tətillərini keçirəcəklər…

İsa Qəmbərin ssenarisi…

İsa Qəmbərin isə bir ayağı Şuranın günəşləndiyi qumun üzərində, digər ayağı isə Müsavatın namizədi statusunun bir addımlığında olacaq… Çünki onun filmin ssenari müəlliflərindən bir olan Rüstəm İbrahimbəyova sualları və kinodramaturqun namizədliyi ilə bağlı tərəddüdləri var:

"Rüstəm müəllim ölkəyə gələcəkmi? Biz ona inanmaq istəyirik və ümid edirik ki, o gələcək. Ümid edirik ki, İbrahimbəyovdan 100 minlik mitinq olsun, namizədliyim qeydə alınsın sonra gələcəyəm fikrini eşitməyəcəyik…Vahid namizədin qeydə alınmaması MŞ-nın kənarda qalması deməkdir. Bu arzu, istəklərimiz və bəyannaməyə ziddir. Yolu tapılmalıdır ki, heç bir vəziyyətdə MŞ seçkidən kənarda qalmasın.

Müsavat Partiyasının müzakirlərdən sonra rəsmi qərarını təqdim etmək istəyirəm. MŞ-nın vahid namizəd haqqında mövqeyimizn ondan ibarətdir ki, Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını qəbul edirik. Eyni zamanda Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisinin prezidentliyə namizəd haqqındakı 4 yanvar qərarı qüvvədə qalır".

Göründüyü kimi, İsa Qəmbər Rüstəm İbrahimbəyovun Bakıya gələcəyinə, prezidentliyə namizədliyinin qeydə alınması üçün lazım olan hüquqi prosedurları keçə biləcəyinə, imza toplayacağına inanmır, yaxud bütün bunlara inanmaq Müsavat Partiyası başqanının marağında deyil. İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyi barədə mövcud olan risklərdən danışması və öz namizədliyi barədə partiya qərarının qüvvədə olduğunu xatırlatması isə sübuta yetirir ki, Müsavat başqanı kinodramaturqun namizədliyinin qeydə alınmaması üçün əlindən gələni edəcək. Hətta Rüstəm İbrahimbəyov üçün toplanılacaq imzaların bilərəkdən saxtalaşdırılması da mümkündür…

Bir məqama da xüsusi diqqət yetirməyi vacib sayıram: Milli Şurada demək olar ki, İsa Qəmbərdən başqa prezidentliyə namizədliyi irəli sürülən şəxs yoxdur. Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev və digərləri seçkilərə namizəd kimi qatılmayacaqlarını bəyan ediblər. Bu baxımdan Müsavat başqanının vahid namizədlik yolundakı yeganə maneə Rüstəm İbrahimbəyovdur ki, onun Bakıya gəlməməsi, yaxud bu və ya digər səbəbdən lazım olan prosedurları keçə bilməməsi Milli Şurada təmsil olunan digər iddialı şəxsləri çıxılmaz vəziyyətə sala bilər. İsa Qəmbər isə artıq belə bir riskin mümkünlüyünü və prezidentliyə namizədliyi barədə qərarın qüvvədə olduğunu xatırladıb. Qalır bu riskin gerçəkləşməsi…