Bu gün polislərin peşə bayramıdır REPORTAJ-FOTO

2 İyul 2013 16:31 (UTC+04:00)

Bu gün Azərbaycan polisinin yaradılmasından 95 il ötür. Xatırladaq ki, Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb. Polis bölüyünün yaranmasından 80 il sonra həmin gün polislərin peşə bayramı kimi qeyd olunmağa başlayıb. Belə ki, o dövrdə ölkəyə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin 24 may 1998-ci il tarixli "Azərbaycan Polisi gününün təsis edilməsi haqqında" fərmanına əsasən iyulun 2-si Azərbaycan Daxili İşlər Orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Azərbaycan polisinə verilən bu önəmin səbəbi ondan qaynaqlanır ki, ulu öndər ölkəmizdə daim polisin fəaliyyətinə önəm verib. İctimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında Daxili İşlər Orqanlarının fəaliyyəti yüksək qiymətləndirilib. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib.

Daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi intizamın güclənməsi, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə ictimai qaydanın və təhlükəsizliyin təminində daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir.

36 il polis vəzifəsində çalışmış ehtiyyatda olan polis mayoru Səfər Məmmədov bir veteran kimi gənc zabitlərə baxarkən böyük fəxarət hissi duyduğunu dilə gətirib:

"Fürsətdən istifadə edərək Azərbaycanın Daxili işlər nazirliyinin əməkdaşlarını, o cümlədən ehtiyyatda, təqaüddə olan polis əməkdaşlarını təbrik edirəm. Onlara gələcək işlərində müvəffəqiyyətlər arzu edirəm. 95 il ərzində Azərbaycan polisi çox şanlı, zəngin, təhlükəli yollar keçib. Bu gün Azərbaycan polisi dünya standartlarına uyğun peşəkarlaşıb. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bütün polis əməkdaşları, Daxili İşlər Nazirliyinin strukturları binlalar, yaşayış evləri, texnika ilə təchiz olunub. Hər il Azərbaycan Polis Akademiyası bacarıqlı zabitləri məzun edir. Mən Azərbaycan polisi ilə fəxr edirəm. Azərbaycan polisi hər əzab-əziyyətə qatlaşaraq, ölkəmizin müstəqilliyini ölənədək təmin edəcək".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev isə deyib ki, polis peşəsi nə qədər əziyyətli olsa da, bir o qədər maraqlıdır:

"Yol Polisi doğurdan da, ən maraqlı peşələrdən biridir. İnsanlarla təmasda, ünsiyyətdə olmaq, şəhər daxilində çətinlikləri aradan qaldırmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, piyadaların təhlükəsizliyini təmin etmək ən şərəfli peşələrdən biridir. Məhz buna görə də biz bu peşənin öhdəsindən layiqincə gələ bilirik. Hazırki dövrdə yol polisinin heç bir çətinliyi yoxdur. Belə ki, bütün proseslər kamera ilə izlənir və nəzarət daha güclüdür. Biz piyadalardan bir daha xahiş edirik ki, yol hərəkəti qaydalarına riayət etsinlər və piyada keçidlərindən istifadə etsinlər".

Paytaxt sakinlərinin Azərbaycan polisi ilə bağlı söylədikləri hər bir kəlmə isə insanı daha da qürurlandırır:

Paytaxt sakini, Qasıməli İsmayılov:

"İlk növbədə, Azərbaycan polisinin peşə bayramını səmimi qəlbdən təbrik edirəm. Polislərimizin Azərbaycan Respublikasının müqəddəratında, asayişin təmin olunmasında böyük əməkləri var. Onlara can sağlığı, uzun ömür arzu edirəm. Azərbaycan polisinin varlığı indiki zamanda çox vacibdir. Hər kəsə də məlumdur ki, biz gecələr rahat yatarkən, onlar iş başında bizim təhlükəsizliyimizi təmin edirlər".

Paytaxt sakini, Məleykə Nağıyeva:

"Allah polislərimizə uzun ömür, can sağlığı versin. Onlar olmasa, Azərbaycanda özbaşınalıq baş alıb gedər. Gələcəkdə onları daha da gümrah, yüksək zirvələrdə görmək istəyirəm".

Paytaxt sakini, Nigar Vəli:

"Həqiqətən də, Azərbaycan polisi, ölkədə nizam-intizamı çox yüksək səviyyədə təmin edir. Mən özüm dəfələrlə bunun şahidi olmuşam. Əgər yətəndaşlarımız polisə müraciət edirlərsə, tez bir zamanda polis tərəfindən bunun qarşılığını alırlar. Azərbaycan polisi xalqı hər an qorumağa çalışır və ən çətin məqamlarda vətəndaşların harayına çatır".

Paytaxt sakini, Mehdun Məmmədov:

"Bu günə kimi Azərbaycan polisi öz peşəsinin öhdəsindən layiqincə gəlib. Onlar daimi olaraq ölkədə sabitliyin bərqərar olunmasına çalışırlar. Çox istərdim ki, polisimiz gələcəkdə daha savadlı və gənc kadrlardan ibarət heyətlə ölkəmizə xidmət göstərsinlər".

Biz də SƏS TV kollektivi olaraq peşə bayramları münasibətilə Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq.