Xaricilər üçün “Azərbaycan dili” dərsliyinin III cildi işıq üzü görüb

2 İyul 2013 12:20 (UTC+04:00)

ADU-nun Azərbaycan dilçiliyi və ədəbiyyatı kafedrasının müəllimi Səbinə Əliyevanın, İngilis dilinin leksikologiyası və tarixi kafedrasının müəllimi Kifayət Hacıyevanın və Azərbaycan Diplomatik Akademiyasının müəllimi İradə Vahabovanın həmmüəllifliyi ilə xarici tələbələr üçün nəzərdə tutulmuş " Azərbaycan dili" dərsliyinin üçüncü cildi işıq üzü görüb.

SİA-ya verilən məlumata görə, Azərbaycan dilini xaricilərə tədris etməyi nəzərdə tutan bu vəsait Azərbaycan dilini orta səviyyədə bilib, onu daha da inkişaf etdirmək istəyənlər üçündür. Əvvəlki səviyyələrdə- başlanğıc və orta səviyyələrdə yer almış mövzular nəzərə alınaraq, burda davam etdirilir. Kitabdakı mövzular 7 bölməyə ayrılıb. Hər bir bölmə də öz növbəsində 4 dərsi ehtiva edir. Hər bir dərs özündə oxu, şifahi nitq və qrammatika hissələrini birləşdirir. Bu hissələrin hər birində mövzuya uyğun olan bir sıra tapşırıqlar verilib. Bu tapşırıqlar dili öyrənənlərə Azərbaycan dilində daha mürəkkəb şəkildə təqdim olunmuş mətni oxuyub anlamaqla, daha mürəkkəb qrammatik kateqoriyaları başa düşməklə, onlardan öz yazılarında və nitqlərində istifadə etməkdə yardımçı olmaqdır. Bu kitab vasitəsilə Azərbaycan dilini öyrənən şəxs kifayət qədər zəngin söz ehtiyatını mənimsəmiş olacaq. Oxu bölməsində müxtəlif mövzularda mətnlər, mətnlərə aid bir sıra tapşırıqlar yer alıb. Qrammatika hissəsi qrammatik qaydalardan, qrammatik qaydalara aid nümunələrdən, şifahi şəkildə yerinə yetirilməsi tələb olunan qrammatik tapşırıqlardan ibarətdir. Şifahi nitq bölməsində dialoq, həm Azərbaycan yazıçılarının, həm də xarici yazıçıların hekayələri, kinofilmlərdən parçalar, atalar sözləri və müxtəlif səpkili tapşırıqlar daxil edilib.

Kitabın hazırlanmasında müasir tədris metodlarından istifadə edilib. Oxucular bu kitabdan Azərbaycan dilini öyrənmək üçün istifadə etməklə yanaşı, eyni zamanda ondan Azərbaycan mədəniyyəti, tarixi və adət-ənənələri haqqında da müəyyən qədər məlumat almış olacaqlar.

Kitabın redaktoru Azərbaycan Dillər Universitetinin prorektoru, professor Jalə Qəribovadır.

Qeyd edək ki, kitabın qrammatika bölməsi və əlavələr Səbinə Əliyeva, şifahi nitq bölməsi Kifayət Hacıyeva, oxu bölməsi isə İradə Vahabova tərəfindən hazırlanıb.