30 iyun - Milli sevgililər günümüz!

30 İyun 2013 11:35 (UTC+04:00)

Artıq 10 ildir ki, ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü - 30 iyun tarixi Azərbaycanda sevgililər günü kimi keçirilir. 30 iyun 1989-cu il bu tarix Şərq dünyasında Leyli və Məcnun dastanından sonra yeni bir məhəbbət hekayəsinin əsasını qoyub. Bu gün Azərbaycan xalqının tarixinə və ədəbiyyatına İlham və Fərizə dastanını gətirib. Kiçik yaşlarından bir yerdə böyüyən İlham və Fərizə tanışlığı daha sonra onların öz ocağında yaşamalarına vasitə olub. çox az bir zaman ailə həyatı yaşayan bu cütlüyün məhəbbəti əslində illəri, bəlkə də əsrləri əhatə edirdi. Lakin təmiz məhəbbətlə bir-birilərini sevən bu gəncləri acı tale ilk gündən izləməyə başlayıb.

İlham Fərizə sevgisi adi, sıradan məhəbbət deyildi. Bu sevgi tək gənclərin bir-birinə olan istədiyi deyildi. Yəni İlham vətənə olan məhəbbəti uğrunda şəhid olub. Fərizə isə vətənin azadlığı uğrunda şəhid olan İlhamın yolunda öz həyatına son qoyub.

İlham və Fərizənin şərəfli ölümləri gənclərə sevməyi və sevilməyi öyrədir, özü də pak, təmiz məhəbbətlə. Bu gün İlham və Fərizə minlərlə ananın övladının, neçə-neçə gəncin qəlbində sevgi idealına çevrilmiş qəhrəmanlardır. Məhz onların bu məhəbbəti, ailə qurduqları günü - iyunun 30-nu Azərbaycan sevgililər günün kimi qeyd və yad edir.