Kənd təsərrüfatı naziri Lənkəranda vətəndaşları qəbul edib FOTO

28 İyun 2013 17:34 (UTC+04:00)

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Lənkəran Aqrar Elm Mərkəzində Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik və Astara rayonlarının sakinləri ilə görüşüb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri də iştirak ediblər.

Qəbul iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan çətinlikləri qeyd edərək, güzəştli kreditin müddətinin uzadılması, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi, meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması, soyuducu kameralar vasitəsilə məhsulun saxlanılması, taxıl biçininin təşkili və başqa problemlərlə bağlı təkliflər veriblər.

Qeyd edək ki, qəbulda ümumilikdə bölgə rayonlarından olan 70-dək sakin iştirak edib. Nazir müraciətlərin həll edilməsi barədə müvafiq tapşırıqlar verib, müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətinə daxil olmayan digər müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

Sərraf Mirsəfəroğlu