YAP-ın Sədr müavini Sumqayıtda görüş keçirib

28 İyun 2013 16:59 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov partiyanın Sumqayıt Şəhər təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Sumqayıt Şəhər təşkilatının sədri Asif İmaməliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

İyun ayının 7-də YAP-ın V Qurultayının keçirildiyini xatırladan Əli Əhmədov qeyd edib ki, qurultayda bir sıra mühüm qərarlar qəbul olunub. Partiya Qurultayı Yeni Azərbaycan Partiyasının, o cümlədən bütövlükdə xalqımızın namizədini rəsmi şəkildə təsdiq edib.

YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir və onu növbəti dəfə prezident kimi görmək istəyir: "Ölkədə Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sferalarda böyük irəliləyişlərə nail olunub. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. On il ərzində insanların həyatı forma və məzmunca zənginləşib. Onların həyat standartlarında baş verən bu dəyişikliklərin də əsası məhz prezident İlham Əliyevin uğurlu siyasətinin məntiqli nəticəsidir. Bir sözlə, Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyat şəraitinin yüksək templə inkişafına gətirib çıxarır".

YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov daha sonra qarşıda duran məqsədlər və görüləcək işlərlə bağlı ətraflı məlumat verib və ərazi ilk partiya təşkilatlarının sədrlərinə müvafiq tövsiyyə və göstərişlərini verib.