İyunun 25-də Yeni Azərbaycan Partiyasının V qurultayında seçilmiş YAP Mərkəzi Təftiş Komissiyasının birinci iclası keçirilib. İclasda təşkilat məsələsinə baxılıb.
Ötən dövrdən YAP MNTK –ya rəhbərlik edən Məhəmməd Məmmədov yenidən həmin vəzifəyə seçilib.
Məhəmməd Əsgər oğlu Məmmədov 1957-ci ildə may ayının 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Bulqan kəndində anadan olub. 1979-cu ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elektrotexnika fakultəsini "Avtomatik elektrik rabitəsi" ixtisası üzrə bitirib.
Həmin ildən rabitə sahəsində çalışan M.Ə. Məmmədov elekrtik mexaniki vəzifəsindən başlayaraq mühəndis, böyük mühəndis, stansiya xidmətinin rəisi, Telefon Qovşağının Baş mühəndisi, Layihə-Axtarış kontorunun rəisi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş mühəndisi və rəisi vəzifələrində işləyib.
04.05.2004-cü il tarixdən "Aztelekom" İB-nin baş direktoru təyin edilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiya üzvüdür.
M.Ə. Məmmədov Texnika elmləri namizədidir, 5 ixtiranın, 150-dən çox səmərələşdirici təklifin, 21 elmi məqalənin və 6 kitabın müəllifidir.
Rabitə sahəsində səmərəli fəaliyyətinə görə "Rabitə ustası" fəxri adına, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalına və MDB ölkələrinin Rabitə sahəsi üzrə Regional Əməkdaşlıq Təşkilatının "Fəxri Fərmanı"na layiq görülüb.
2008-ci ildə Məhəmməd Məmmədov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib.
Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2011-ci il tarixli Sərəncamı ilə M.Ə.Məmmədova "Əməkdar Mühəndis" fəxri adı verilib.
M.Ə. Məmmədov Yeni Azərbaycan Partiyasının Mərkəzi Nəzarət – Təftiş Komissiyasının və partiyanın "Aztelekom" ilk ərazi təşkilatının sədri, YAP Yasamal rayon təşkilatının idarə heyyətinin üzvüdür.