Beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların olduğuna dair hesabatlarının heç bir əsas yoxdur. Bunu SİA - ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkilinin sözlərinə görə, siyasi məhbus anlayışı siyasi əqidəsinə görə həbs edilən və məhkəmə qarşısına çıxarılan insanlara deyilir: "Azərbaycanda nə cinayət məcəlləsində belə maddə var, nə də heç bir insan siyasi əqidəsinə və düşüncəsinə görə həbs edilmir. Müəyyən siyasi əqidəli insanların cinayət məcəlləsinin digər maddələrinə əsasən həbs edilməsi məsələsinə gəlincə isə, hesab edirəm ki, qanun qarşısında hamı bərabərdir".
A. Mirzəzadə vurğulayıb ki, "Freedom House" və Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatları bir qayda olaraq cinayət törədərək həbsə düşmüş insanlar maraqlandırır: "Hesab edirəm ki, bu şəkildə həbs olunan insanlar heç bir halda siyasi məhbus sayıla bilməz. Azərbaycanda QHT - lər açıq şəkildə sərbəst fəaliyyət göstərirlər. Əgər ölkəmizdə istənilən ideologiya ətrafında siyasi partiya yaratmaq mümkündürsə, bu zaman hansı siyasi əqidədən və siyasi düşüncələrə görə həbs edilməkdən söhbət gedə bilər? "Freedom House" un Azərbaycanla bağlı hazırladığı hesabat qərəzlidir və həqiqəti əks etdirmir".
Millət vəkilinin sözlərinə görə, "Freedom House" un hesabatlarında Azərbaycanı ən geridə qalmış dövlətlərlə müqayisə etməsi xüsusi işlənmiş siyasi texnologiyadır: "Azərbaycanın məsləhətləşmələrdə adını ən geridə qalmış ölkələrlə bir sırada çəkmək dövlətimizə psixoloji təzyiq göstərmək deməkdir. "Freedom House"un belə məkrli siyasəti heç vaxt sağlam düşüncənin nəticəsi hesab edilə bilməz".