Fermer olmaq üçün Bakıdan mənzil almaq lazımdır?

20 İyun 2013 13:35 (UTC+04:00)

Prezident İlham Əliyev ölkədə sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi istiqamətində mütəmadi tədbirlər planının həyata keçirilməsi üçün müxtəlif sərəncam və fərmanlar verib. Qeyri-neft sektorunun bu sahəsinin inkişafı üçün mühüm dövlət proqramları həyata keçirilib. Hətta ölkə sahibkarlarının istər hüquqi, istərsə də maliyyə problemləri ilə üzləşməmələri üçün müvafiq qurumlar yaradılıb. Eyni zamanda sahibkarların maliyyə problemlərinin aradan qaldırılması üçün bu gün İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir. Lakin sahibkarlıq subyekti üçün yaradılan şərait ölkə sahibkarlarının problemlərini tam aradan qaldıra bilmir.

Qeyd edək ki, mövcud problemlərdən daha çox fermerlər şikayətlənir. Şikayətlərin kökündə isə dövlətin onlara ayırdığı güzəştli kreditləri ala bilməmələridir. Fermerlərin şikayətlərinə görə, onlar güzəştli kredit almaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etdikdə bir sıra arqumentlərlə üzləşirlər. Məsələn, Azərbaycanın ucqar rayonlarının birində fermer fəaliyyəti ilə məşğul olan sahibkarın kredit almaq istəyi onun üçün çox mürəkkəb olur. Əgər fermer bunu kredit təşkilatının regional flialından əldə etmək istəyirsə həmin qurumdan sahibkara tələb olunan məbləğin olmadığı söylənilir. Problemin həlli üçün paytaxtdakı mərkəzi ofisə müraciət etdikdə isə ondan daşınmaz əmlak girovu istənilir. Bir məsələni də qeyd edək ki, girov kimi banka göstəriləcək daşınmaz əmlak mütləq Bakıda olmalıdır. Çünki regionlarda daşınmaz əmlakın qiyməti paytaxtla müqayisədə çox ucuzdur. Regiondakı daşınmaz əmlakın qiyməti isə bankın maraqlarına uyğun gəmir. Maraqlıdır fəaliyyətinin və yaşayışının ümumi hissəsi regiona aid olan fermer paytaxtda nə cür daşınmaz əmlak ala bilər?

Bununla yanaşı nəzərə alaq ki, Bakıdakı evlərin qiyməti də regionlardan fərqli olaraq ucuz deyil. Bankların tətbiq etdiyi bu prinsiplərlə məsələyə yanaşsaq onda aqrar sahədə fəaliyyət göstərmək istəyən hər hansı şəxs paytaxtdan mənzil almalıdır. Yəni daha dəqiq desək qoyunçuluq təsərrüfatını genişləndirmək istəyən çoban əvvəlcə Bakının mərkəzindən bahalı mənzil almalı, bundan sonra çoban olmaq arzusunu reallaşdırmalıdır. Daha sonra qoyunlarının sayını artırmaq haqqında fikirləşməlidir.

Məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan münasibət öyrəndik. Fondun rəhbəri Şirzad Abdullayev bildirdi ki, rəhbərlik etdiyi quruma bu sahədə şikayətlər yox, müraciətlər daxil olub. Şirzad Abdullayevin sözlərinə görə, müraciətlərdə qeyd olunur ki, müvəkkil kredit təşkilatları ilə sahibkarlar arasındakı işgüzar münasibətlərin zəifliyi nəticəsində güzəştli kreditlər əldə edə bilmirlər. Bu da qarşılıqlı inamın olmaması nəticəsində baş verir. Fond rəhbəri onu da qeyd etdi ki, sahibkarlığın inkişafı ilə bağlı mütəmadi tədbirlər həyata keçirirlər. Bu istiqamətdə həm fermerlər həm də müvəkkil bankların rəhbərləri arasında maarifləndirici tədbirlər təşkil olunur.

Ümid edək ki, Sahibkarlığa Kömək Milli Fondunun apardığı maarifləndirmə tədbiri problemin həllinə xeyri olacaq. Yəni inək və qoyun almaq istəyən fermer kredit əldə etmək üçün Bakıda mənzil sahibi olmaq əziyyəti ilə üzləşməz.