Siyavuş Novruzov: ““Freedom House” hesabatından təzyiq kimi istifadə etməyə çalışır" AÇIQLAMA

20 İyun 2013 09:42 (UTC+04:00)

"20 ildən artıqdır ki, "Freedom House" təşkilatı Azərbaycan haqqında eyni bəyanatlar səsləndirir və hesabatlar yayır. Təbii ki, bunların da hamısı qərəzliliyə söykənib". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Freedom House"un Azərbaycanın vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilən "Keçid dövrü ölkələri-2013" adlı hesabatına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, hər kəsə də məlumdur ki, "Freedom House" qeyri-hökümət təşkilatıdır. Beləcə, qeyri-hökümət təşkilatının (QHT) ölkəmizlə bağlı verdiyi bəyanatın heç bir əhəmiyyəti yoxdur: "Burada xüsusi maraqlar dayanır. Məhz bu xüsusi maraqlara görə də adı çəkilən bu təşkilat tərəfindən məlum hesabatlar dərc edilir. Əgər biz on il bundan qabaqkı tarixə nəzər salsaq görərik ki, onların indiki hesabatları ilə əvvəlki hesabatlarının heç bir fərqi yoxdur. Onlar sadəcə köhnə hesabatları götürüb tarixini təzələyirlər. "Freedom House" təşkilatı heç vaxt obyektiv hesabat hazırlamayıb.

Gəlin, onların Ermənistan haqqında hazırladıqları hesabata nəzər salaq. Burada da görərik ki, tamamilə başqa-başqa, təhrif olunmuş yazıları hesabatda dərc ediblər. Bu da bir daha onu göstərir ki, həmin təşkilat Azərbaycanın artan nüfuzunu, iqtisadi inkişafını gözü götürmür. Beləcə, bundan təzyiq metodu kimi ölkəmizə qarşı yararlanmağa çalışır".